Paracüdo üzrə Qran-Pridə ilk günün qalibləri
Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.
52 kiloqram çəkidə Səbinə Abdullayeva və Bəsti Səfərova bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. Bu qarşılaşmadan Bəsti Səfərova qalib ayrılıb.
57 kiloqram çəki dərəcəsində Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşıblar. Sevda Vəliyeva bu görüşdən qələbə ilə ayrılıb və turnirin qalibi adını qazanıb.
Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Aleksandruya qalib gəlib və qızıl medala yiyələnib. Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq gümüş medal əldə edib. Bu çəkidə çıxış edən digər idmançı Namiq Abbaslı bürünc medal uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini məğlub edərək üçüncü olub. 73 kiloqramda Ramil Qasımov üçüncü yeri tutub. Hüseyn Rəhimli (81 kq) isə finalda Özbəkistan idmançısı Davurxom Karomatova məğlub olub və gümüş medala layiq görülüb.
Digər çəki dərəcələrində gürcüstanlı Giorgi Kaldani (66 kq), Özbəkistan təmsilçiləri Feruz Sayidov (73 kq), Davurxom Karomatov (81 kq) və ukraynalı İnna Çerniak (52 kq) qalib olublar.
Qeyd edək ki, 35 ölkədən 214 cüdoçunun qatıldığı turnirə mayın 14-də yekun vurulacaq.
Azvision.az