Avroliqanın kuboku Dubayda nümayiş etdirilir

Avroliqanın kuboku Dubayda nümayiş etdirilir
  30 Aprel 2019    Oxunub:2335
Dubayda keçirilən “Ərəb səyahət bazarı” beynəlxalq sərgisində bu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqası finalı ilə bağlı xüsusi stend quraşdırılıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə quraşdırılan stenddə “UEFA Avropa Liqası Finalı Bakı 2019”la bağlı məlumat verilir, bu mötəbər idman turnirinin rəsmi kuboku nümayiş etdirilir.

Xatırladaq ki, UEFA Avropa Liqasının kuboku cari mövsümdə ilk dəfə martın 3-də Bakıda keçirilmiş “UEFA Avropa Liqası Finalı Bakı 2019”a həsr olunmuş şou xarakterli oyunda ictimaiyyətə nümayiş olunub. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycanın Prezidenti İlham Əliyevə təqdim edib. UEFA Avropa Liqasının kuboku Bakıdan sonra Cenevrədə keçirilən tədbirdə sərgilənib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununadək UEFA Avropa Liqasının kuboku Avropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.

Hazırda kubokun sərgiləndiyi “Ərəb səyahət bazarı” sərgisi mayın 1-dək fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: AFFA   UEFA   Final  





Xəbər lenti