Daha bir aprel qələbəsi: Bu dəfə erməni idmançıları darmadağın edildi - VİDEO

    Daha bir aprel qələbəsi:    Bu dəfə erməni idmançıları darmadağın edildi -    VİDEO
  13 Aprel 2019    Oxunub:19282
Aprel Azərbaycan üçün ermənilər üzərində qələbələr ayıdır: Bu dəfə güləşçilərimiz yarış meydanında işğalçı ölkəni təmsil edən rəqiblərini darmadağın etməklə yeni zəfərin sevincini bizə yaşatdılar.
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ölkəmizi uğurla təmsil edən güləşçilərdən üçü – Hacı Əliyev, İslam Abbasov Ağahüseyn Mustafayev və Orxan Nuriyev Ermənistan idmançıları ilə üz-üzə gəliblər. Hər üç qarşılaşma təmsilçilərimizin möhtəşəm qələbəsilə başa çatıb.

Çemionatda 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu erməni David Safaryana qalib gəlib. İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.



Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev də Buxarestdə Ermənistan təmsilçisini məğlub edib. 65 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanın kürəyini yerə vurub.



Hacı Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm edə bilməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib.



Yarışda Ermənistan güləşçiləri üzərində qələbəmiz bununla yekunlaşmadı. Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov da adını “aprel qalibləri” siyahısına əlavə etdi.



87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib - 6:1. İdmançımız ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb.



Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.

Əlbəttə ki, igidlərimiz güclərini təkcə ermənilərə nümayiş etdirməyiblər. Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Taleh Məmmədov Moldova və Rumın güləşçilərini yenib. İslam Abbasov alman, rus və belorus rəqiblərinin üzərində qələbə qazanıb. Bir sözlə, güləşçilərimiz Avropada əsl Azərbaycan fırtınası əsdirirlər.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qələbələr, bayrağımızı ən yüksək pillələrdə ucaltmaları, Dövlət Himnini dünyanın hər bir yerində səsləndirmələri dar mənada ölkəmizdə idmanın, geniş mənada isə bütövlükdə Azərbaycanın hər sahədə inkişafından xəbər verir. Bütün qələbələr dövlətin idmana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu proses ölkəmizdə hər mənada sağlam, vətənpərvər, dövlətinin adını ucaltmaq həvəsilə yaşayan gəncliyin yetişməsi ilə nəticələnir. Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılıb.



Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qazanılan uğurların da kökündə məhz bu amillər dayanır. Biz bu qələbləri bir növ idmançılarımızdan Aprel Zəfərinə həsr olunmuş hədiyyə kimi də qəbul edə bilərik. 3 il öncə hərb meydanında düşmənə cəhənnəm yaşadan igid Azərbaycan oğulları bu dəfə cəng meydanında onların kürəyini yerə qoydular. Və idmançılarımızın erməni rəqibləri üzərində qazandığı hər bir qələbə şəhidlərimizə və onların valideynlərinə həsr olundu.

“Qalibiyyətim apreldə olub. Azərbaycan xalqı da apreldə şəhidlər verib. Ona görə də qələbəmi şəhidlərə həsr edirəm. Bu qələbəni eyni zamanda onların valideynlərinə həsr edirəm", - deyə üçüncü dəfə Avropa Çempionu titulunu qazanan Hacı Əliyev deyib.

Güləşçilərimizin aprel qələbəsi bir daha sübut etdi ki, Azərbaycan təkcə səngərdə deyil, istənilən meydanda düşməndən qat-qat üstündür. Bunun dəfələrlə şahidi olmuşuq və hələ çox olacağıq. Şübhə yox ki, Buxarestdə erməni pəhləvanlarını darmadağın edən Azərbaycan İgidləri vaxtı yetişəndə düşməni işğal olunmuş torpaqlarımızda da məğlub edəcəklər. Azərbaycan gəncinin hər yerdə, hər meydanda ancaq bir amalı olmalıdır: düşmən üzərində qələbə!!!

Azvision.az


Teqlər: Qələbə   Güləş  





Xəbər lenti