“Azərbaycanda kitab və qəzet satışı qadağan edilməlidir”

“Azərbaycanda kitab və qəzet satışı qadağan edilməlidir”
  19 Noyabr 2013    Oxunub:1530
Metroda qəzet yığışdırılıbsa, paltar niyə satılır?

Metro stansiyalarında qəzet satışının qadağan edilməsi ictimai qınağa tuş gəlib. Nəzərə alsaq ki, qəzet və jurnallar ən çox metrolarda satılırdı, bu, baxımdan narazılıqların olacağı da gözlənilən idi. Hər kəsi bir sual düşündürür: metroda qəzet satışı qanunaziddirsə, nə üçün pal-paltar və digər məhsulların satışına icazə verilir?

AzVision.az məsələ ilə bağlı Böyük Qurtuluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın fikrilərini öyrənib. Deputat bu cür qərarın verilməsini normal qarşıladığını söyləyib:

“Kitab və qəzet satışını qadağan etmək lazımdır”

“Mən bunu normal qarşılayıram. Azərbaycanda ümumiyyətlə kitab və qəzetin satışını qadağan eləmək lazımdır. Bu baxımdan ki, yəni bizim yeməyə, paltara ehtiyacımız var və biz kitaba, qəzetə, oxumağa meylli bir xalq olsaydıq, biz bu gün buna məruz qalmazdıq. Ona görə də xalqın ümumi istəyini nəzərə alaraq, yəqin ki, belə bir addım atıblar. Çünki, bir qrup insanlar düşünürlər ki, oxumağa ehtiyac yoxdur, ona görə də təhsil, səhiyyəmiz bu səviyyədədir, kütləvi savadsızlıq ölkəni bürüyüb. Və bu məntiqi bir yekundur.məncə bunu normal qarşılamaq lazımdır”.

Millət vəkili bu cür qərarın niyə təəccüblü qarşılandığını isə özünəməxsus şəkildə şərh edib:

“Bunun əksimi olmalı idi? Paltarı yığışdırıb, kitab satılmalı idi? Yəni ona görə də mən bunu Azərbaycanın indiki gerçəkliyində təəcüblü qarşılamıram. Hətta mən hesab edirəm ki, yaxın günlərdə bütün kitab mağazaları bağlanmasının şahidi olacağıq. Ümumiyyətlə, kitab, qəzet satışı bu cəmiyyət üçün lazımsız bir şeyə çevrilməyə başlayır. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqının kütləvi savadsızlığına nail olandan sonra, bu addımlar da ardınca atılmalı idi”.

Sabiq deputat, iqtisadçı-ekspert Nazim Məmmədov isə müxtəlif sənaye məhsullarının, geyim və digər əşyaların metroda satılmasının əleyhinə olduğunu deyib.

“Xaricdə kitab satılır, bizdə paltar..”

“Əslində köşklərin yeraltı keçidlərdə və metronun girəcəklərində olmasını həm təhlükəsizlik baxımından, həm də sanitar baxımdan doğru saymıram. İkinci bu gəlirlərin şəffaf olması ilə bağlı cəmiyyətdə ciddi problemlər var. Metro rəhbərliyinə jurnalistlər və digər ictimai fəaliyyəətlə məşğul olan insanların tərəfindən dəfələrlə müraciət olunsa belə, heç vaxt bunun gəlirliyini və metroda müxtəlif bu tədbirlərin dövlət büdcəsinə nə qədər gəlir verməyi haqqında məlumat yoxdur. Bu korrupsiya mexanizmidir, vergidən yayınmadır. Bütün bunlar hamısı şəffaf olmalıdır. Əslində metroda gediş haqqının bir neçə dəfə arıtılması ilə bağlı vaxtilə səsləndirlən fikirlərlə bağlı da biz demişdik ki, metroda gediş-gəliş haqqı müstəqil auditorlar tərəfindən müəyənləşməlidir, metronun cari xərcləri mənim fikrimcə çox şişirdilir və maya dəyərinin artmasına gətirib çıxarır. Bütün bunları aydınlaşdırmaq üçün metro ancaq özünəməxsus fəaliyyətlə məşğul olmalıdır”-deyə eks-deputat fikir bildirib.

N.Məmmədov metro keçidlərində kitab və qəzetlərin satışdan çıxarılmasına mənfi yanaşdığını qeyd edib:

“Əksinə çıxarılmalı olanlar digərləri olmalı idi. Bu niyə belə baş verib, mən deyə bilmərəm”.

Dünya təcrübəsində də metroda kitab və qəzet satışının mövcud olduğunu deyən N.Məmmədov bildirib ki, xarici ölkələrdə də belə təcrübə var:

“Biz xarici ölkələrdə də bunu müşahidə etmişik. Maarifləndirici jurnalların, qəzet və kitabların satışı normaldır, amma bizimki kimi orada müxtəlif malların, geyimlərin satışını mən az müşahidə etmişəm. Bu post-sovet ölkələrində adətən görünür. Ancaq üümumilikdə isə o standartlar həmin satış yerləri varsa da, onlar standarlara cavab verir. Və şəffaf aparılır bizimki kimi yox. Mən bunu ancaq metro rəhbərliyinin münasibətindən irəli gəldiyini düşünürəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti