Karateçilərimiz 4 qızıl və 1 bürünc medal qazandı

Karateçilərimiz 4 qızıl və 1 bürünc medal qazandı
  11 Fevral 2019    Oxunub:2249
Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc medal qazanan Murad Hacızadə (kumite +84 kq, şəxsi məşqçisi Rafael Məmmədov, milli komanda məşqçisi Anar Allahverdiyev), Danimarkanın Aalborq şəhərində 21 yaşadək gənclər arasında Avropa çempionu oldu.
Azərbaycan Milli Karate Federasiyasından Azvision.az -a verilən məlumata görə, 4 görüşün heç birində xal buraxmayan seçmə komandanın lideri, turnirin ən yaxşı idmançılarından biri olub. M.Hacızadənin çempionluğu ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini 4-cü pilləyə yüksəldib.

Yarışın əvvəlki günləri Roman Heydərov (21 yaşadək gənclər, kata), Əminağa Quliyev (16-17 yaşlı gənclər, -61 kq), eləcə də Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) ardıcıl ikinci dəfə qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc mükafata sahib olub.



Emil Güləhmədov (21 yaşadək gənclər, -84 kq) bürünc medal uğrunda həlledici görüşdə Osman Osmanlı isə yarımfinalda (14-15 yaşlı yeniyetmələr, +70 kq) qərəzli hakimlik səbəbindən mükafatsız qalıb. Daha bir idmançımız İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite, -70 kq) təsəlliverici görüşlərə qatılsa da, üçüncülük şansını əldən verib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. EKF tərəfindən etimad göstərilən Beynəlxalq hakim Cahangir Babayev, qitə çempionatının final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil olunub.

14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirakı edib. Onlardan yalnız 34 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara, yalnız 14 ölkənin idmançıları isə qızıl medala sahib ola bilib. 1 bürünc medaldan əlavə, Danimarkada Azərbaycan himnini 4 dəfə səsləndirən karateçilərimizi ilin sonunda daha mötəbər yarış, iki ildən bir keçirilən yeniyetmə və gənclərin Dünya çempionatı gözləyir.

Yarışın sonunda EKF-in bayrağı növbəti Avropa çempionatının təşkilatçısı Macarıstan nümayəndələrinə verilib.



Azvision.az


Teqlər: Karate   Avropa   Çempionat  





Xəbər lenti