“Land of Fire” komandası Azərbaycana qayıtdı - FOTOLAR

“Land of Fire” komandası Azərbaycana qayıtdı -    FOTOLAR
  30 Yanvar 2019    Oxunub:2567
Yanvar ayının 25-27 tarixlərində İsveçrənin Sankt Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.MORITZ” dünya kuboku turnirində 3-cü yer tutmuş “Land of Fire” komandası, turnir çərçivəsində tamaşaçılara Qarabağ atları üzərində “Odlar Yurdu – Azərbaycan” möhtəşəm şou-kompozisiyasını nümayiş etdirmiş Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqslərimiz və həzin melodiyalarımızla avropalıları valeh etmiş rəqs ansamblı və musiqiçilər, nümayəndə heyətimizin digər üzvləri 29 yanvar tarixində Vətənə qayıdıblar.
Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib, polo üzrə mötəbər dünya kuboku turnirində yüksək nəticə göstərmiş təmsilçilərimiz böyük ruh yüksəkliyi ilə qarşılanıb, onlara təbrik və minnətdarlıq hisslərini ifadə edən gül çələngləri təqdim olunub, xatirə fotoşəkilləri çəkilib.



Heydər Əliyev Fondunun dəstəyi ilə dünya polosunun ən nüfuzlu turnirlərindən biri olan “SNOW POLO WORLD CUP ST.MORITZ” yarışında ölkəmizi layiqincə təmsil etmiş idmançılarımız milli atçılığımızın inkişafını, bu idman növünün Vətəninin məhz Azərbaycan olmasını bir daha nümayiş etdirib və qürur mənbəyimiz olan üçrəngli bayrağımızı növbəti dəfə Avropa meydanlarında ucaldıblar.



Qarabağ atları üzərində süvarilərimizin böyük məharət və peşəkarlıqla etdikləri çıxışlar, rəqs ansamblının və musiqiçilərimizin unikal və təkrarolunmaz ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, milli mədəniyyətimizin, tariximizin, ənənələrimizin qədimliyinin və özünəməxsusluğunun ifadəsi olub.



Turnir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş “Azerbaijan – Take another look” pavilyonu tamaşaçıların və idmançıların böyük marağına səbəb olub.










Azvision.az


Teqlər: Atçılıq  





Xəbər lenti