Poloçularımız Dünya Kubokuna qələbə ilə başlayıb - FOTOLAR

Poloçularımız Dünya Kubokuna qələbə ilə başlayıb -    FOTOLAR
  26 Yanvar 2019    Oxunub:3134
İsveçrənin Sankt Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST. MORITZ” dünya kuboku turniri davam edir.
Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi təmsil edən “Land of Fire” komandası Avropa tamaşaçılarına polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsunkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı, güclü idmançılar diyarı olmasını nümayiş etdirir.



25 yanvar tarixinə təyin olunmuş ilk oyun günündə Azərbaycan idmançıları “Cartier” komandası ilə qarşılaşıblar. Oyundan öncə tamaşaçılara Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi ilə rəqs ansamblının ifasında “Odlar Yurdu – Azərbaycan” adlı unikal şou-kompozisiya nümayiş olunub.



Azərbaycan Respublikasının Əməkdar məşqçisi Azər Həmzəyevin və Əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi altında təmsilçilərimizin mürəkkəb və həyəcanlandırıcı, əzəmətli və təkrarolunmaz çıxışları tamaşaçıların zövqünü oxşayıb, milli musiqimizin ecazkar sədaları onların duyğularını coşdurmaqla və qəlblərini isitməklə -15 dərəcə soyuqda Odlar Yurdunun hərarətini hamıya hiss etdirib.



Şou-kompozisiyadan dərhal sonra “Land of Fire” və “Cartier” komandalarının oyununa start verilib. 1985-ci ildən etibarən 35 illik tarixə malik qar üstündə dünya kubokunu 13 dəfə qazanıb, son 6 ildə isə 5 dəfə bu turnirin qalibi olmuş “Cartier” komandası turnirin debütantı olan idmançılarımızın şiddətli müqaviməti ilə qarşılaşıb. Gərgin və güzəştsiz mübarizə şəraitində keçən, dramatik anları və emosional epizodları ilə yadda qalan oyunda idmançılarımız rəqiblərini 51/2 – 5 hesabı ilə məğlub ediblər.



Turnir çərçivəsində “Land of Fire” komandasının pavilyonu tamaşaçıların böyük marağına səbəb olub. Azərbaycanın qədim tarixinin və mədəniyyətinin tərənnüm olunduğu pavilyonda milli musiqimiz fonunda ölkəmizin keçmişi və bu günü, bənzərsiz inkişafı və tərəqqisi, unikal turizm potensialı haqqında tamaşaçılara geniş məlumat verilib, xüsusi olaraq bu turnir üçün hazırlanmış bukletlər paylanıb.



Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz böyük tamaşaçı kütləsini cəlb edib, avropalı tamaşaçılar rəqqaslarımızla birgə yallı gedərək rəqs ediblər. 26 yanvar tarixində Bakı vaxtı ilə saat 15:00-da komandamız “Badrutt's Palace Hotel”komandası ilə qarşılaşacaq.














Azvision.az


Teqlər: Polo  





Xəbər lenti