Pirallahıda su-kanalizasiya sistemi yenidən qurulur

Pirallahıda su-kanalizasiya sistemi yenidən qurulur
  10 Noyabr 2013    Oxunub:1340
Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr icra olunur.

Prezident İlham Əliyevin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə yaradılan Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilib. Bu məqsədlə “Azərsu” ASC-nin Pirallahı rayon Sukanal İdarəsi yaradılıb. Hazırda rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra strateji layihələr həyata keçirilir. Bura Pirallahı qəsəbəsi ərazisində inşası nəzərdə tutulan 72 kilometrlik su və 60 kilometrlk kanalizasiya xətlərinin tikintisi də daxildir. İndiyədək su xətlərinin 60 faizində, kanalizasiya xətlərinin isə 20 faizində işlər yekunlaşıb. Eyni zamanda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri də yenidən qurulur, zirzəmilərdəki paylayıcı xətlər təzələnir.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin və qəsəbədaxili şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra Pirallahı sakinləri sutka ərzində 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Ümumilikdə qəsəbənin içməli su ilə tam təchizatının 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Pirallahı rayonunun digər ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə hələlik içməli su gəmilərlə daşınır. Çilov adasının sakinləri eyni zamanda ARDNŞ tərəfindən quraşdırılan bioloji təmizləmə qurğusu vasitəsi ilə duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.


Teqlər:





Xəbər lenti