Londonla Moskva diplomatik heyətin tərkibini bərpa edir

Londonla Moskva diplomatik heyətin tərkibini bərpa edir
  28 Dekabr 2018    Oxunub:5449
Yanvardan etibarən Rusiyanın Londondakı və Böyük Britaniyanın Moskvadakı diplomatik missiyalarının heyəti əvvəlki tərkibdə qarşılıqlı şəkildə bərpa ediləcək. Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko “Rossiya 24” telekanalına müsahibəsində bəyan edib.
“Londondakı və Moskvadakı diplomatik missiyaların tərkibinin yanvarda bərpa edilməsinə dair bizim aramızda prinsipial razılıq əldə olunub. Əmin deyiləm ki, bu, diplomatik heyətin bütün işçilərinə şamil olunacaq, amma ən azı səfirlik əməkdaşlarının yarısının işi bərpa ediləcək” – Yakovenko vurğulayıb.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda ittiham olunan Rusiyanın sabiq hərbi kəşfiyyatçısı Sergey Skripal və qızı Britaniyanın Solsberi şəhərində Noviçok kimyəvi maddəsindən zəhərlənərək beyin iflici keçiriblər. Diplomatik qalmaqala səbəb olan hadisəni sui-qəsd adlandıran London baş verənlərdə Moskvanın əli olduğunu iddia edərək 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Analoji cavab tədbiri ilə Britaniyanın da 23 diplomatını ölkədən qovan Rusiya isə həm də Sankt-Peterburqdakı Britaniya baş konsulluğunu bağlamaq və Rusiyada 20 ildən artıq fəaliyyət göstərən “Britaniya Şurası” ictimai təşkilatının işini dayandırmaq qərarı vermişdi.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Solsberi   Britaniya   Rusiya  





Xəbər lenti