Dünyadakı qüvvələr nisbəti düzgün əks olunmur - Berlin

 Dünyadakı qüvvələr nisbəti düzgün əks olunmur -   Berlin
  27 Dekabr 2018    Oxunub:4792
Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib ki, BMT Təhlükəsizlik Şurası yenidən formalaşdırılmalıdır. Çünki artıq bu orqan müasir dünyanın ruhuna uyğun gəlmir.
Azvision.az xəbər verir ki, bu barədə Maas “Deutsche Presse-Agentur”a müsahibəsində deyib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurasındakı hazırkı güc nisbəti beynəlxalq münasibətlərdəki mövcud reallığı tam əks etdirmir. Dolayısilə, Maas beynəlxalq münaqişələrin həllində aktiv iştirak edən Almaniyanın da BMT Təhlükəsizlik Şurasının daimi üzvünə çevrilmək haqqına sahib olduğunu deyib.

“Hesab edirəm ki, dünyadakı qüvvələr balansı Təhlükəsizlik Şurasında indikindən daha yaxşı əks olunmalıdır. BMT-nin əksər üzvləri də bunun tərəfdarıdırlar. Hətta bu çox çətin olsa belə, biz bu məsələni gündəmə gətirməkdən yorulmayacağıq. Çünki islahatlar barədə uzun müddətdir ki danışılır, amma hələ də heç bir irəliləyiş yoxdur. Almaniya dünyadakı böhran və münaqişələrin qarşısının alınması üçün daha çox iş görməlidir. Düşünürəm ki, bu istiqamətdə bizim məsuliyyətimiz artır və indi Almaniyaya olan gözləntilər heç olmadığı qədər böyükdür” – Maas vurğulayıb.

Xatırladaq ki, 1990-cı illərin əvvəlindən bu günədək BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələr gedir. Xüsusən də Yaponiya, Almaniya, Braziliya, Hindistan və Türkiyə Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını istəyirlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Braziliya   Almaniya   BMT   Hİndistan   türkiyə   Yaponiya  





Xəbər lenti