Tramp: ABŞ-a yenidən hörmət edəcəklər!

    Tramp:  ABŞ-a yenidən hörmət edəcəklər!
  25 Dekabr 2018    Oxunub:3464
ABŞ prezidenti Donald Tramp Pentaqonun rəhbəri (müdafiə naziri) Ceyms Mettisin istefa qərarını tənqid edərək, onu Amerikanın dünyadakı hərbi dəstəyinin əsl qiymətini dəyərləndirə bilməməkdə ittiham edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı son bir gün ərzində silsilə tvitlər yazan Tramp başqa zəngin dövlətlərin ABŞ-dan yararlanmasına və Mettisin bunu dərk etməməsinə qəzəblənib.

“Biz dünyanın bir çox olduqca zəngin ölkələrinin hərbçilərinə əhəmiyyətli dərəcədə maliyyə yardımı etdiyimiz bir vaxtda həmin ölkələr ABŞ-dan və bizim vergi ödəyicilərimizdən tamamilə öz xeyirləri naminə istifadə edirlər. General Mettis bunu problem olaraq görmürdü. Amma mən görürəm və indi bu məsələ düzəldilir” – Tramp vurğulayıb.

ABŞ prezidenti onu da bildirib ki, Pentaqonun və bəzi respublikaçı, demokrat senatorların iddiasının əksinə olaraq, ABŞ müttəfiqlərinə qarşı hörmətsizlik etmir. Əksinə, onun bu qərarları ABŞ-a olan hörməti artırır: “Mənim digər ölkələrlə müttəfiq olmağımızı istəmədiyim, ya da bu müttəfiqliyi qiymətləndirməyi bacarmadığım fikrində olan bəzi senatorlara isə demək istəyirəm ki, onlar yanılırlar, mən qiymətləndirirəm. Amma bəyənmədiyim şey odur ki, müttəfiqimiz olan həmin ölkələrin çoxu ABŞ-la olan dostluqdan faydalanmağa çalışırlar. Amerikaya yenidən hörmət edilir!”

Xatırladaq ki, 19 dekabrda ABŞ prezident Donald Tramp İŞİD-i məğlub etdiklərinə görə artıq Suriyada qalmaqları üçün bir səbəb olmadığından ABŞ qoşunlarının oradan çıxarılması barədə qərar qəbul edib. Daha sonra isə Ağ Ev açıqlama yayaraq ABŞ hərbçilərinin Suriya ərazisindən çıxarılma prosesinə başlanıldığını deyib. Amerikalı hərbçilər 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq. Lakin Trampın bu qərarına etiraz olaraq Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə istefa ərizəsi yazıb. Tramp bildirib ki, 2019-cu ildən müdafiə nazirinin səlahiyyətlərini Mettisin müavini Patrik Şanaxan icra edəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Suriya   Pentaqon   ABŞ  





Xəbər lenti