Valideyn icması və iclası xətrinə

Valideyn icması və iclası xətrinə
  05 Noyabr 2013    Oxunub:10425
Cavidan

Bu günlərdə Azərbaycan-Türkiyə özəl liseyində ilk valideyn iclasında iştirak etdim.
Yetmişdən artıq valideynin toplaşdığı zalda gələnlərin əksəriyyətinin güclü cincə mənsub olduğunu görəndə anidən təəccüb etdim.
Biz belə öyrəşməmişik axı?!
Adətən məktəb valideyn iclaslarına analar qatılır deyə görmüşük.
Səbəbi hamımızın hər gün gördüyü, bildiyi məqamlardır.
İndi deyəcəm.

***

Bizim ölkəmizdə ibtidai sinif müəllimləri əsasən pedaqoji kollecləri bitirmiş qadınlar olurlar.
Bu qadınlar adətən hələ birinci sinfin birinci valideyn görüşlərindəcə şagirdlərinin anaları ilə sakitcə, astaca centlemen sazişi bağlayırlar.
Bu sazişin məqsəd və məramı ondan ibarət olur ki...
“Mümkünsə, ərləriniz iclaslara və ümumiyyətlə məktəbə gəlməsin...”
Şagirdlərin analarının əksəriyyəti həmən razılaşır sinif müəlliməsinin bu istəyi ilə və sazişi ikiəlli dəstəkləyib xəyali bir imza ilə təsdiq edir, müəllimənin böyrünə qısılıb, protokol xatirinə bir növbətçi təbəssüm də edərək, xatirə şəkli çəkdirir.
Bəs bu sazişin bağlanmasının səbəbi nədir?
Onu da deyəcəm.

***

Azərbaycan təhsil sektorundakı hər hansı bir orta məktəbdə monitorinq keçirsək, qadın müəllimlərin kişi müəllimlərə nisbətən çoxluq təşkil etdiyini görərik.
Pedaqoji fakültələri diplom xatirinə oxuyub bitirmiş kişilərin çox cüzi qismi orta məktəb müəllimi kimi çalışmağı seçir, qalanları ümumi sənaye sektorunun ən müxtəlif dövlət və özəl sahələrinə yan alır.
Qadınlar isə, evdarlığı, bununla paralel olaraq da müəlliməliyi seçirlər, onlara elə gəlir ki, qadınsansa, hələ üstəlik anasansa, demək sən öz uşaqlarınla bərabər, hər kəsin də uşağını idarə edə bilərsən.

Bəli, bəli, söhbət öyrətməkdən, təlim və tərbiyə verməkdən çox məhz idarə etməkdən gedir.
Bu cür idarəetmə sistemində isə bir qadını başqa bir qadından daha yaxşı kim anlayar ki?
Qadın valideynlər, əlbəttə.
Elə təkcə süpürgənin evə nə qədər vacib olduğunun dəqiq qiymətini kim verə bilər?
Təsəvvür eləyə bilirsinizmi, bir qadın bir kişiyə evə süpürgə lazım olduğunu anladır, anladır, anladır...
O kişi də əlini cibinə salıb, süpürgə almaq bir yana, süpürgəçi belə almağa bəs edəcək məbləğ qoya bilər ortalığa.
Olmaz buna yol vermək, filan müəllimə filan sinifdə filan pulu yığdı deyəcəklər, daş-divar üzə durar.

Amma başqa cür də olmur axı, yəni, ayıb olar, bir qadın müəllimə ehtiyac oxusun, bir kişi valideyn də buna tab gətirsin, el var, aləm var, hampalıq, mənlik, qürur, papaq, bığ...
Və cənab milli-mentalitet də bu məqamda üzə duracaq hələ: “ A bala, olmaz, xalxın arvadı xalxın kişisindən süpürgə istəməz!?”
İstəməz, təbii!
Xalxın arvadı bunu ancaq xalxın arvadından istəyə bilər, yəni, müəllimələr qadın valideynlərdən.

Elə buna görə də, orta məktəblərdə valideyn iclaslarına dəvət alan anaların ilk əvvəl dodaqları büzüşür, “off, yenə Allah bilir nə istəyəcəklər” deyə bir mızıltı da öz yerində.
Hələ bunun səhər tezdən bəzənməyi, salona getməyi, qızıl-gümüş taxmağı var, bir aləm xərcdi bunlar da...
Anlada bildimmi?
Vəssalam da...

***

Mən liseyin iclasına toplaşan kişi valideynlərin necə də sakit, təmkinli, mədəni halda oturub, diqqətlərini tribunada çıxış edən müdir müavininə yönəltdiklərini gördüm.
Onlar, danışanın bircə kəlməsindən də yayınmamağa çalışırdılar, arxada öz aralarında arada nəsə pıçıldaşan qadın valideynlərdən tam fərqli olaraq, övladlarının beyinlərini, gələcəklərini etibar etdikləri bu təhsil müəssisəsinin nümayəndələrinin hesabat və tapşırıqlarını dinləyirdilər.
- Biz övladlarımızı Vətəninə, millətinə, dövlətinə, bayrağına layiqli vətəndaşlar olaraq görmək istəyirik, - deyirdi müdir müavini.
Bu, bizim valideyin iclaslarında heç bir zaman eşitmədiyimiz kəlmələr idi, əminəm.

Hər kəs haqqını da, məsuliyyətini də dərk edəcək halda idi.
Ümumi iclasdan sonra isə, sinif və fənn müəllimləri, hər birisi ayrıca kabinetdə tribunada dayanaraq, valideynləri tək-tək qəbul etdilər.
Mən özüm doqquz müəllim və bir müdir müavini ilə danışdım, həqiqətən də yoruldum, amma həyatımın çox dəyərli günlərindən birini yaşadığımın da fərqində idim.

Və o müəllimlərin hər birisi həmin gün yetmişdən artıq valideyni tək-tək qəbul etdi, dinlədi, hesabat verdi, şagirdin də, valideynin də ən yaxın dostu kimi davrandı.

***

Budamı “Əjdaha”dır?
Budamı bizdə heç bir zaman olmayacaq???
İcazə verin, kədərlənək...


Teqlər:





Xəbər lenti