Kosova öz ordusunu yaratdı - NATO-dan etiraz

  Kosova öz ordusunu yaratdı -  NATO-dan etiraz
  14 Dekabr 2018    Oxunub:4656
"NATO heç də əlverişli olmayan bir vaxtda Kosovanın öz ordusunu yaratması ilə bağlı qərarına təəssüflənir. Bu qərarın nəticəsində indi NATO Kosova ilə əməkdaşlığının səviyyəsinə yenidən baxmalı olacaq"

Azvision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Bu gün Kosovadakı institutlar Kosovanın təhlükəsizlik qüvvələrinin dəyişdirilməsi prosesinə start verən 3 qanunun qəbulunu bəyan etdilər. Mən təəssüf edirəm ki, NATO-nun narahatlığına rəğmən belə bir qərar qəbul olundu. Hərçənd, təhlükəsizlik qüvvələrinin transformasiyası prinsipcə Kosovanın özünə aid məsələ olsa da, biz açıq şəkildə bildirmişdik ki, bu addım uyğun olmayan vaxtda atılıb”,- deyə Stoltenberq bildirib.

Baş katib onu da vurğulayıb ki, NATO Kosova təhlükəsizlik qüvvələrinin hazırkı mandat çərçivəsində inkişafının tərəfdarıdır. Bu mandatın dəyişdirilməsi alyansın Kosova ilə münasibətlərinin səviyyəsinin də dəyişməsinə səbəb olacaq.

Qeyd edək ki, müstəqilliyi dünya dövlətlərinin bir qismi tərəfindən tanınan Kosovanın parlamenti bu gün təhlükəsizlik qüvvələrinin tamhüquqlu Silahlı Qüvvələrə çevrilməsi - Kosovanın vahid ordusunun yaradılması barədə qanun layihələri paketini təsdiqləyib. Bununla həm də Kosovada Müdafiə Nazirliyi yaradılacaq.

2 milyona yaxın əhalisi olan Kosovanın ordusu NATO standartlarına uyğun formalaşdırılacaq və müxtəlif etnik qrupların nümayəndələrini özündə birləşdirəcək. Kosova ordusu 5 min aktiv xidmət keçən və 3 min ehtiyatda olan əsgərdən ibarət olacaq. Onu da qeyd edək ki, Kosovada hələ də NATO-nun 4 min sülhməramlısı fəaliyyət göstərir.

BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə rəğmən, ABŞ Kosova ordusunun yaradılmasını dəstəkləyir. Lakin Vaşinqtonun fikrincə, bu addım Kosova konstitusiyasına müvafiq dəyişiklik yolu ilə həyata keçirilməli idi. Rusiya isə hesab edir ki, Kosovada vahid ordunun formalaşdırılması onsuz da gərgin olan bölgədə təhlükəli nəticələrə, xüsusən də Serbiya ilə münasibətlərin gərginləşməsinə səbəb ola bilər.

Xatırladaq ki, Serbiyanın tərkibində olan Kosova 1999-cu ildən BMT-nin nəzarətində olub. 2008-ci il fevralın 17-də isə öz müstəqilliyini elan edib və o vaxtdan etibarən dünyanın 114 ölkəsi Kosovanı müstəqil dövlət kimi tanıyıb. Kosovada yaşayanların təqribən 90 faizi müsəlman albanlardır. Burada həmçinin, serblər, terklər və qaraçılar da yaşayır. Azərbaycan Respublikası Kosovanın müstəqilliyini tanımır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kosova   NATO  





Xəbər lenti