Kaşoqi cinayəti, “sarı jiletlilər” və yenidən Putin - İlin hadisələri

  16 Dekabr 2018    Oxunub : 9153
 Kaşoqi cinayəti, “sarı jiletlilər” və yenidən Putin - İlin hadisələri
Yola salmağa hazırlaşdığımız 2018-cı ildə dünyada bir çox hadisələr baş verdi. "Skripal işi", Rusiyada prezident seçkiləri, "Brexit" böhranı, ABŞ-İran qarşıdurması, Ərdoğanın yenidən prezident seçilməsi, jurnalist Camal Kaşoqinin qətli ilin ən mühüm hadisələri sırasındadır.
Azvision.az 2018-ci ildə baş verən hadisələrin qısa xülasəsini təqdim edir:

İlin ilk günləri İranda iğtişaşların başlaması ilə yadda qaldı. Onlarla insan öldü, xeyli yaralanan oldu. Yanvarın 3-də İran rəsmiləri iğtişaşların başa çatdığını açıqladı.



Mart 4-də Rusiyanın keçmiş casusu Sergey Skripal Böyük Britaniyada zəhərləndi. Bu, Rusiya və Qərb ölkələri arasında yeni siyasi böhrana səbəb oldu. Nəticədə yüzlərlə rus diplomat iş yerlərini itirdi. Rusiya isə əks həmlə olaraq onlarla amerikalı diplomatı ölkədən qovdu.



Martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin 76,65 faiz səs toplayaraq yenidən ölkə başçısı seçildi.



Aprelin 12-də Ermənistanda Nikol Paşinyanın başçılığı ilə küçə etirazları başladı. Aprelin 23-də baş nazir Serj Sarkisyan istefa verdi. Mayın 8-də Ermənistan parlamenti ikinci turda Nikol Paşinyanı baş nazir seçdi. O, oktyabrın 16-da istefa verərək, yeni seçki təyin etdi. Dekabrın 9-da keçirilən seçkidə Paşinyan qələbə qazandı.



Aprelin 27-də KXDR və Cənubi Koreya arasında barışıq elan edildi. Tərəfər bir-birilərinə qarşı istənilən düşmənçilik fəaliyyətini dayandırdıqlarını açıqladılar. Həmçinin Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsi və danışıqların davam etdirilməsi barədə razılığa gəldilər.



Mayın 8-də Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan etdi. O, Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham etdi. Bunun ardınca ABŞ İrana yeni sanksiyalar tətbiq etdi. İran parlamentində isə ABŞ bayrağı və Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə sənəd rəsmi Vaşinqtonun nüvə razılaşmasından çıxmasına etiraz olaraq yandırıldı.



Mayın 14-də ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçirildi. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirdi. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak oldu, 3000-dən çox insan yaralandı. Bu hadisədən sonra Türkiyədə 3 günlük matəm elan olundu. İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirildi. Məlum hadisə həm də Türkiyə ilə İsrail arasında gərginliyə səbəb oldu. İsrail səfiri Ankaranı tərk etdi.



Mayın 24-də Şimali Koreyanın Pxunqeri nüvə poliqonunun sökülməsi başa çatdı. İyunun 12-də ABŞ və KXDR lideri Donald TrampKim Çen In arasında Sinqapurda təkbətək və geniştərkibli formatda tarixi görüş keçirildi. Bir saat yarım davam edən görüşün yekunlarına dair sənəd imzalandı.



İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirildi. Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 52,55 faiz səs toplayaraq yenidən prezident seçildi. İyulun 4-də isə Türkiyədə parlamentar respublikadan prezident idarəetmə üsuluna keçilməsi çərçivəsində hökumət səlahiyyətlərini prezidentə təhvil verildi.



İyulun 16-da ABŞ və Rusiya prezidentləri arasında təkbətək və geniş tərkibli görüş keçirildi. Bəyan edildi ki, münasibətlərin qaydasına salması üçün şanslar var.



Sentyabrın 7-də İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü oldu. Görüşdə birgə bəyannamə qəbul edildi.



Oktyabrın 2-də səudiyyəli jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsuluğunun binasında vəhşicəsinə qətlə yetirilməsi ilin ən müəmmalı və müzakirə olunan hadisəsi kimi tarixə düşdü. Bu məsələ ətrafında müzakirələr hələ də davam etməkdədir. Jurnalistin qətlində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ittiham olunsa da, rəsmi Ər-Riyad bunu təkzib edir. Digər maraqlı məqam isə Kaşoqinin cəsədinin hələ də tapılmamasıdır.



Oktyabrın 11-də Ankara və Vaşinqton arasında casusluqda ittiham olunaraq həbs edilən amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğvi barədə razılıq əldə olundu.



Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirildi. İlk turda qalib müəyyənləşmədiyindən hakim "Gürcü arzusu" partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Güc birlikdədir” siyasi birliyinin namizədi Qriqol Vaşadze arasında dekabrın 2-də seçkinin ikinci turu oldu. Nəticədə Zurabişvili Gürcüstanın tarixində ilk qadın prezident seçildi.



Noyabrın 7-də ABŞ-da aralıq seçkilər oldu. Respublikaçılar Senatda, demokratlar isə Nümayəndələr Palatasında qalib gəldi.



Noyabrın 11-də Parisdə I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş sülh forumu keçirildi. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən forumda 85 ölkənin dövlət və hökumət başçıları, o cümlədən ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər.



Noyabrın 25-də Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini ("Brexit") təsdiq etdilər.



Həmin gün (25 noyabr) Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralandı. Bu hadisə Rusiya-Ukrayna gərginliyini daha da artırdı və Kerç olay geniş müzakirələrə səbəb oldu.



Fransada isə "sarı jiletlər" yanacağın bahalaşmasına qarşı etiraz aksiyalarına başladı. Yüz mindən çox sakinin qatıldığı aksiyalar zamanı xeyli sayda insan (təxminən 110 nəfər) xəsarət aldı. 1726 nəfər polis tərəfindən saxlanıldı. Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan etdi. Etirazlar hələ də davam edir.



Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Gündəm   Dünya   Siyasət