“Kapital Bank”da korrupsiya aşkarlandı

“Kapital Bank”da korrupsiya aşkarlandı
  04 Noyabr 2013    Oxunub:2458
“Kapital Bank” ASC-nin əməkdaşları barəsində cinayət işi məhkəməyə göndərilib.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Kapital Bank” ASC-nin Daşkəsən rayon filialının əməkdaşları barəsində cinayət işinin istintaqı tamamlanıb.

Baş prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Rövşən Rəhimovun 2009-2012-ci illərdə “Kapital Bank” ASC-nin Daşkəsən rayon filialının müdiri vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərin 61.7 min manat məbləğində əmlakını mənimsəmə və dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq zamanı həmçinin bankın Kredit-iqtisad bölməsinin mütəxəssisləri Bəsti Mustafayeva, Emil İsayev və Seymur Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində kifayət qədər şübhələr olduğundan onlara Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunmuşdur.

İş üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Teqlər:  





Xəbər lenti