BMT-nin “Qlobal miqrasiya paktı”ı qəbul olundu

  10 Dekabr 2018    Oxunub : 3095
 BMT-nin “Qlobal miqrasiya paktı”ı qəbul olundu
Bu gün Mərakeşdə keçirilən BMT hökumətlərarası konfransında 164 ölkənin səsverməsi nəticəsində “Təhlükəsiz, nizamlı və daimi miqrasiya üzrə qlobal razılaşma” qəbul edilib.
Azvision.az xəbər verir ki, hüquqi baxımdan BMT-yə üzv dövlətlər qarşısında heç bir öhdəlik qoymayan “Qlobal miqrasiya paktı” miqrant işçilər və qaçqınlarla davranış məsələsində beynəlxalq standartlara riayət olunmasını nəzərdə tutur. 6 ay üzərində iş aparılan sənəddəki əsas hədəflər sırasına qaçqınların iş qabiliyyətlərinin inkişafı, uşaqların təhsil və əsas ehtiyaclarının ödənilməsinə şərait yaradılması, sərhədlərin daha yaxşı qorunması daxildir.

“Qlobal miqrasiya paktı”nın BMT Baş Assambleyasının 19 dekabrdakı iclasında qəbul olunması planlaşdırılır.

BMT baş katibi Antoniu Quterreş konfransda çıxışı zamanı bildirib ki, bu razılaşma qlobal əməkdaşlıq üçün çərçivəsə sənədi və qaçqınların üzləşdiyi problemlərlə mübarizədə yol xəritəsi olacaq: “Pakt qaçqın və miqrantların da insan hüquqlarından yararlanmalarına imkan verəcək. Bu razılaşma sayı 260 milyona çatan dünyadakı məcburi köçkünlərin yarısını təşkil edən və çətin şərtlər altında yaşayan qaçqın qadın və qızların səsi olacaq.”

Nizamsız miqrasiya səbəbindən ölüm hallarının artdığına diqqət çəkən BMT baş katibi vurğulayıb ki, 2000-ci ildən etibarən 60 min miqrant həyatını itirib.

Lakin ABŞ, Avstriya, Polşa, Çexiya, Estoniya, Bolqarıstan, Xorvatiya, Macarıstan, Avstraliya və İsrail “Qlobal miqrasiya paktı”nı imzalamayacaqlarını bəyan ediblər. Onların fikrincə, bu pakt miqrant axınını daha da gücləndirəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Mərakeş   Miqrasiya   ABŞ   BMT