Koçaryan həbs olunacaq

 Koçaryan həbs olunacaq
  07 Dekabr 2018    Oxunub:6565
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan həbs olunacaq.
Azvision.az xəbər verir ki, bu gün keçirilən iclasda Ermənistanın Apellyasiya Məhkəməsi Koçaryanın vəkillərinin şikayətini təmin etməyib və sabiq prezidentin həbsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişiklik etmədən qüvvədə saxlayıb.

Məhkəmə iclasından sonra Koçaryanın vəkili Ayk Alumyan ikinci prezidentin nə zaman həbs olunacağı ilə bağlı sualı cavablandırmayıb və bildirib ki, keçirəcəkləri mətbuat konfransında bu barədə məlumat verəcəklər.

Qeyd edək ki, Koçaryan iyulda saxlanılsa da, apellyasiya şikayətindən sonra azad edilib. 15 noyabrda isə Ermənistanın Kassassiya Məhkəməsi Koçaryanın işi üzrə apellyasiya qərarının ləğvi və sabiq prezidentin təkrar həbsi ilə bağlı prokurorluğun şikayətini qismən təmin edərək işi yenidən apellyasiya məhkəməsinə göndərib. 27 noyabrdan etibarən baş prokuror Artur Davtyan da daxil olmaqla, 6 prokurorun iştirakı ilə işə baxılıb. Davtyan bildiirb ki, Koçaryan 2008-ci ildə İrəvanda baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır. Nəhayət, bu gün Apellyasiya Məhkəməsi çıxardığı son qərarla prokurorluğun şikayətini təmin edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Məhkəmə  





Xəbər lenti