Makron etirazçılara vəd verəcək

Makron etirazçılara vəd verəcək
  07 Dekabr 2018    Oxunub:4458
Fransa prezidenti Emmanuel Makron gələn həftənin əvvəli “sarı gödəkçələr” etirazçı hərəkatına müraciət edəcək. Azvision.az xəbər verir ki, bu barədə Fransnın nəqliyyat naziri Elizabet Born “Sud Radio”ya açıqlamasında bəyan edib. Bildirib ki, Makron Fransa xalqının narazı kütləsinə onların problemlərinə laqeyd qalmadığını göstərməyə çalışacaq.
“Prezident Makron gələn həftənin əvvəli çıxış edəcək. Düşünürəm ki, Fransa xalqının istəyi də elə budur – onlar cavab istəyirlər. Prezident fransalılara mesaj verəcək ki, onların qəzəbini eşidir və yeni həll variantları tapılacaq” - Born vurğulayıb.

Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin artmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunub. Nəticədə hökumət geri addım ataraq yanacağın vergisinin artırılmasının 6 ay müddətinə təxirə salındığını elan edib. Lakin ötən gün Makron özü bəyan edib ki, “Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir.”

Buna baxmayaraq, əhalinin müxtəlif təbəqələrinin hökumətə qarşı etirazları səngimir və onlar bu şənbə yenidən kütləvi aksiya keçirməyi planlaşdırırlar. Fransa baş naziri Eduard Filip isə bildirib ki, sabahkı kütləvi etirazlarda şiddətin qarşısını almaq üçün bütün ölkə üzrə 89 min polis qüvvəsi cəlb ediləcək. Lakin Fransanın polis işçilərinin həmkarlar ittifaqı “Vigi” Daxili İşlər Nazirliyinin təşkilata üzv olan bütün əməkdaşlarını müddətsiz tətil elan etməyə və 8 dekabrdan etibarən “sarı gödəkçələr” hərəkatının başlatdığı etiraz aksiyalarına qoşulmağa çağırıb.

Bu gün isə artıq Fransadakı liseylərin yüzlrlə şagirdi dinc aksiyalar keçiriblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa   Aksiya  





Xəbər lenti