ABŞ “Şimal axını-2”yə qarşı hərəkətə keçir

 ABŞ “Şimal axını-2”yə qarşı hərəkətə keçir
  06 Dekabr 2018    Oxunub:6448
ABŞ Avropanı Rusiya qazından daha da asılı edəcək “Şimal axını-2” boru kəmərinin tikintisini dayandırmaq və bununla da Rusiyanın qarşısını almaq üçün bəzi variantları nəzərdən keçirib.
Azvision.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Wall Street Journal”a müsahibəsində deyib. Onun sözlərinə görə, əgər Avropa “Şimal axını-2” layihəsinə qarşı çıxmasa, onda Rusiyaya qarşı yeni sanksiyalar işə düşə bilər. Bolton həmçinin, Berlinə də xəbərdarlıq edib.

“Rusiyaya qarşı artıq çox sayda sanksiya qüvvədədir və yeniləri gələ bilər. Prezident (Donald Tramp) Almaniyanın “Şimal axını-2” qaz boru kəmərinin tikintisini ləğv etməli olduğunu və bu məsələ ilə bağlı müxtəlif tədbirləri nəzərdən keçirdiyimizi dəfələrlə deyib” – Bolton vurğulayıb.

Qeyd edək ki, təbii qazını Avropaya satmağa çalışan Vaşinton həftənin əvvəlində Avropa İttifaqındakı müttəfiqlərinə xəbərdaqlıq etmişdi ki, “Şimal axını-2” layihəsində iştirakları barədə qərarlarını yenidən nəzərdən keçirsinlər.



Xatırladaq ki, 1220 kilometr uzunluğundakı “Şimal axını-2” qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi “Qazprom” bəyan edib ki, “Şimal axını-2” layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Baltikyanı ölkələr, Polşa və Ukrayna “Şimal axını-2” qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, “Şimal axını-2” iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığını daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Almaniya   ABŞ  





Xəbər lenti