Körfəz ölkələrindən xəbərdarlıq - İranla əlaqələri kəsin!

Körfəz ölkələrindən xəbərdarlıq -  İranla əlaqələri kəsin!
  06 Dekabr 2018    Oxunub:4820
Gələn həftə keçiriləcək illik sammitdən öncə Qətərlə münasibətlərdə yaranan mübahisəyə baxmayaraq, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) öz fəaliyyət qüvvəsini qoruyub saxlayır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaş bu cür bəyanatla çıxış edib. Onun sözlərinə görə, Qətərlə münasibətlərdə yaranan gərginlik rəsmi Dohanın ekstremizmi dəstəkləməkdən imtina edikdən sonra aradan qalxacaq.

“Şuranın başlıca uğuru onun iqtisadi aspektində və vahid Körfəz bazarının yaradılmasındadır. İndiki siyasi böhran yalnız onun arxasındakı səbəb yoxa çıxdıqdan sonra başa çatacaq. Həmin səbəb isə Qətərin ekstremizmi dəstəkləməsi və regionun sabitliyinə müdaxiləsidir” – Qarqaş bildirib.

Səudiyyə kralı Salman bin Əbdüləziz Qətər əmirini KƏŞ-in 9 dekabrda keçiriləcək sammitində iştiraka dəvət etsə də, Doha hələ görüşdə kimlə təmsil olunacağını açıqlamayıb. Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd isə bildirib ki, bir günlük sammitdə Qətərdən kimin iştirak edəcəyi onlar üçün əhəmiyyətsizdir.

“Qətərlə münasibətlərimizdəki böhran indiyədək görünməmiş səviyyəyə çatıb və mən bilmirəm ki, onlar geriyə necə dönüş edəcəklər. Çünki Qatar regionunun İran kimi düşmənlərilə birləşərək özünü KƏŞ-dən uzaqlaşdırıb” – bəhreynli nazir vurğulayıb.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurası 1981-ci ildə Fars körfəzi ölkələrinin - Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi inteqrasiyası üçün qurulsa da, başlıca məqsədi İrana qarşı vahid təhlükəsizlik baryeri yaratmaq olub. Lakin son illər Dohanın İranla yaxınlaşdığına görə onu terrorizmi dəstəkləməkdə suçlayan Şuranın digər ölkələri – Səudiyyə, BƏƏ, Bəhreyn və hətta qeyri-Şura ölkəsi Misir 2017-ci ilin iyunundan etibarən Qətərə qarşı diplomatik və iqtisadi boykot tətbiq ediblər. Rəsmi Doha isə bütün ittihamları rədd edərək, boykotun onun suverenliyinə zərbə vurmaq məqsədi daşıdığını bildirib.

Həftənin əvvəlində isə Qətər bəyan edib ki, ölkənin təbii qaz sənayesini inkişaf etdirmək məqsədilə 2019-cu ilin yanvarın 1-dən OPEK-dən (Neft İxrac Edən Ölkələrin Təşkilatı) rəsmən çıxacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Səudiyyə   KƏŞ   Qətər   Bəhreyn   OPEK  





Xəbər lenti