İsraildə qadınlar kütləvi etiraza qalxdı - FOTOLAR
Azvision.az xəbər verir ki, İsraildə qadınların öldürülməsilə nəticələnən cinayətlər və ailə zorakılığında qadınlara şiddət tətbiq edilməsi 100 min insanın etiraz aksiyası keçirməsinə səbəb olub.
“Yetkinlik yaşına çatmayan 2 qızın ölümü ilə nəticələnən son zorakılıq hadisələri bizi hərəkətə keçməyə vadar etdi. İctimaiyyət qəzəblidir və insanlar siyasətçilərimizin bu problemə laqeydliyini qəbul etməyə hazır deyil” – etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər.
Onlar qurbanları qadın olan cinayətlərin qarşısının alınmasına yönələn proqramın həyata keçirilməsi üçün hökumətin büdcədən 250 milyon şekel (70 milyon ABŞ dolları) ayırmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, bu proqram il yarım bundan əvvəl təsdiqlənməsinə baxmayaraq, maliyyə çatışmazlığı səbəbindən indiyədək yerinə yetirilmir.
Etirazçılar, həmçinin qadınlara qarşı cinayətlərin və zorakılıq hallarının araşdırılması üçün parlament komissiyasının yaradılmasını tələb edirlər.
Hazırda kütləvi etiraza qalxan nümayişçilər Təl-Əviv və Qüdsdə nəqliyyatın hərəkətini iflic ediblər, mərkəzi küçələrə girişi bloklayıblar. Aksiyaçılar həm də Qüdsə girişi bağlayıblar. Nəticədə şəhərlərdə nəhəng tıxaclar yaranıb. Güc strukturları sürücülərə alternativ yollardan istifadəni tövsiyyə edib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Təl-Əviv Qüds İsrail Aksiya