Britaniya baş naziri: “İstefa verməyəcəm”

 Britaniya baş naziri:  “İstefa verməyəcəm”
  03 Dekabr 2018    Oxunub:4102
Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, iki həftədən sonra da hökumətin başçısı kimi işini davam etdirəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Mey “ITV” telekanalına müsahibəsində bildirib. Bununla da, “Brexit” sazişi üzrə 11 dekabra təyin olunan olduqca mühüm parlament səsverməsində uduzacağı təqdirdə istefa verəcəyilə bağlı spekulyasiyalara cavab vermiş olub.

“Mən iki həftədən sonra hələ də işləyəcəm. Mənim işim odur ki, ölkə ictimaiyyətinin bizdən istədiklərini yerinə yetirməyimizi təmin edim. Biz Avropa İttifaqını tərk edirik, amma bunu ictimaiyyətin xeyrinə olan yolla edirik” – Mey vurğulayıb.

Britaniyanın baş naziri onu da əlavə edib ki, Avropa İttifaqının digər liderlərilə birgə çox çətinliklə hazırladıqları “Brexit” planında heç bir dəyişiklik edilməyəcək.

Qeyd edək ki, 25 noyabrda keçirilən Avropa İttifaqının fövqəladə sammitində üzv dövlətlər Britaniyanın İttifaqdan ayrılmasına dair Londonla əldə olunmuş “Brexit” sazişini və Aİ-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi bəyannaməni qəbul ediblər. Dekabrın 11-də isə Britaniya parlamenti tarixindəki ən önəmli səsverməyə gedərək “Brexit” sazişi barədə qərar qəbul edəcək.

Lakin Britaniya mətbuatı yazır ki, müxalifətlə yanaşı, Tereza Meyin rəhbəri olduğu Mühafizəkarlar partiyasının əksər üzvləri də “Brexit” barədə saziş layihəsinə səsvermədə əleyhinə mövqe tutacaqlar. Hətta Meyin hökumət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün yaxın günlərdə deputatların baş nazirə etimadsızlıqla bağlı səsvermə keçirəcəkləri bildirilir.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniyia   Avropaİttifaqı  





Xəbər lenti