Putin KTMT-yə baş katib seçilməsini təxirə saldı

Putin KTMT-yə baş katib seçilməsini təxirə saldı
  03 Dekabr 2018    Oxunub:4786
Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin seçiləcəyi 6 dekabrdakı Sankt-Peterburq sammitini təxirə salıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Rusiya prezidentilə telefon əlaqəsi zamanı Putin sammitin təxirə salınmasını təklif edib.

“Sonuncu telefon söhbətimizdə Rusiya prezidenti yaranmış vəziyyətlə əlaqədar 6 dekabrda KTMT-nin sammitini keçirməməyimizi, işçi qaydada məsələnin (baş katibin hansı ölkədən olması) həllinin müzakirəsini və yalnız bundan sonra hazır qərarlarla sammitə getməyimizi təklif etdi. Mən də razılaşdım, çünki düşünürəm ki, bu məsələni işçi prosedurlarla həll etmək daha düzgündür. Biz konsensusa gəlməmişik və bu səbəbdən Astana sammitini təkrarlamağın mənası yoxdur. Bu, qeyri-konstruktivdir. Putinlə razılaşmamız da budur: konsensusa gələnədək işçi müzakirələri davam etdirəcəyik” – Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının dövlət və hökumət başçılarının daxil olduğu Avrasiya Ali İqtisadi Şurasının Sankt-Peterburqdakı iclasına qatılmaq üçün 6 dekabrda Rusiyaya işçi səfər edəcək.

Paşinyanın baş məsləhətçisi Arsen Qasparyan isə “RBK”ya müsahibəsində bildirib ki, KTMT-yə üzv dövlətlər 2019-cu ilədək təşkilatın baş katibini seçməyəcəklər və bu post boş qalacaq.

Xatırladaq ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postu ətrafında yaratdığı problemə görə təşkilatın daxilində təklənib. Paşinyan bu postu tutan Yuri Xaçaturovu vaxtından əvvəl geri çağırmasına baxmayaraq, baş katib vəzifəsinə yenidən erməni namizədin seçilməsində israrlıdır. Lakin 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da, KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər.

Daha sonra isə Belarus prezidenti Aleksandr Luşakenko Azərbaycan səfiri ilə KTMT daxilində baş verənləri, xüsusən də, baş katib postuna namizəd məsələsini müzakirə edib. Baş verənlər qarşısında aciz qalan Paşinyan Nazarbayev və Lukaşenkodan Putinə şikayət etdiyini deyib.

KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda təhsil alan general-leytenant Stanislav Zasdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   KTMT   Rusiya  





Xəbər lenti