Koçaryan həbs oluna bilər

 Koçaryan həbs oluna bilər
  29 Noyabr 2018    Oxunub:4611
Ermənistanın apellyasiya məhkəməsi sabiq prezident Robert Koçaryanın yenidən istintaqa göndərilən işinə baxıb. Vəkillər Koçaryanın toxunulmazlığı ilə əlaqədar onun barəsində həbs qətimkan tədbirinin ləğvinə çalışsalar da buna nail ola bilməyiblər.
Ermənistan baş prokurorluğu hesab edir ki, sabiq prezident Yerevanda 10 il əvvəl baş verən dövlət terrorunun ideya müəllifidir və təcili şəkildə azadlıqdan məhrum olunmalıdır.

Robert Koçaryan “1 mart 2008-ci il” cinayət işi üzrə “konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə” ittiham olunur. “Onun əmri əsasında aksiyanın onlarla dinc iştirakçısı öldürülüb. Buna görə də Robert Koçaryan həbsdə qalmalıdır”,- deyən Ermənistanın baş prokuroru Artur Davityan məlumat verib ki, apellyasiya məhkəməsi Robert Koçaryanın həbsdə qalması barədə prokurorluğun müraciətini nəzərdən keçirib. Qapalı proses zamanı hakim də sabiq prezidentin həbsdə saxlanmasının zəruri olduğunu qeyd edib.

Koçaryanın vəkili Ayk Alumyan bildirib ki, sabiq prezident bu ilin iyulunda 2008-ci il hadisələri ilə əlaqədar həbs olunsa da, apellyasiya şikayətindən sonra azad edilib. Bir müddət kassasiya məhkəməsi prokurorluğun şikayətini təmin edib və işi yenidən apellyasiya məhkəməsinə göndərib. Vəkillərin fikrincə, Koçaryanın həbsinə siyasi don geydirməyə çalışılır.

Baş prokurorluqdan bildirilib ki, 2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması sayəsində Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində rəsmi məlumatlara görə 10 nəfər, o cümlədən 2 polis əməkdaşı ölüb, 200-dən çox insan xəsarət alıb. “Dövlət terrorunda əli olan Koçaryan-Sarkisyan qruplaşması hələ də azadlıqdadır. Onun yeri həbsxanadır”,- deyən “Əriklər ölkəsi” partiyasının sədri Zarui Postancyan hesab edir ki, Koçaryanı azad etmək böyük cinayətdir. Postancyanın sözlərinə görə, Koçaryan 10 illik prezidentlik dövrünün ilk günündən ölkə qanunlarını pozub, seçkiləri saxtalaşdırıb, strateji mühüm obyektləri satıb. Belə bir insanın azad edilməsi, ona növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərə müdaxilə imkanı verilməsi deməkdir. Çünki, hələ də Koçaryan-Sarkisyan qruplaşması tam zərərsizləşdirilməyib. (AzərTAc)

Azvision.az


Teqlər: Koçaryan  





Xəbər lenti