Paşinyandan Qarabağ separatçılarına hədə - “Özünüzə gəlin, işinizlə məşğul olun!”

Paşinyandan Qarabağ separatçılarına hədə -  “Özünüzə gəlin, işinizlə məşğul olun!”
  29 Noyabr 2018    Oxunub:6542
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 8 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərilə əlaqədar təşviqat kampaniyaları zamanı Dağlıq Qarabağ münaqişəsilə bağlı etdiyi çıxışların Qarabağdakı separatçı rejim tərəfindən tənqid edilməsi və qondarma qurumun Ermənistanın daxili işlərinə, o cümlədən də, seçki prosesinə müdaxiləsini qınayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Qeqarkunik əyalətinin seçicilərilə görüşən Paşinyan separatçıların onun haqqında “hakimiyyətə gəldi və indi Qarabağı satır” tipli ittihamlarını sərt tənqid edib. Bildirib ki, sosial şəbəkələrdəki materiallarda hətta qondarma rejim “rəsmilərinin” ucuz spekulyasiyalarından dəhşətə gəlib.

“Düzünü desəm, son günlər mən ümumiyyətlə Dağlıq Qarabağ “hakimiyyəti” nümayəndələrinin aktivliyini anlaya bilmirəm. Onlar niyə fəallaşıblar və niyə Ermənistanda keçiriləcək parlament seçkiləri üzrə təşviqat kampaniyalarına hansısa yolla müdaxilə etməyə və öz mövcudluqlarını nümayiş etdirməyə çalışırlar? Sizə deyim ki, bununla bağlı məndə veriləsi çoxlu sual var və Dağlıq Qarabağın “prezidenti” Bako Saakyanla görüşdə onları mütləq müzakirə edəcəyəm. Amma onadək isə, cənab Bako Saakyan, sizi öz “hökumət üzvlərinizi” intizama cəlb etməyə çağırıram. Mən başa düşmədim. Yəni belə çıxır ki, Qarabağ “prezidentinin” “mətbuat katibi” bir gündən sonra mənim dediyim sözləri şərh etməlidir? Siz heç bütün bunların nəticəsini təsəvvür edirsinizmi? Özünüzə gəlin və öz işinizlə məşğul olun! Seçkilərdən sonra bütün bu dediklərimi sizinlə müzakirə edəcəm!” – Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib.

Erməni KİV-ləri yazır ki, İrəvandakı rəhbərliyin Qarabağ separatçılarilə ictimai formada bu cür tənqidi və bir o qədər də qeyri-müəyyən davranışı ilk dəfədir baş verir. Təəccüb doğuran məqam odur ki, Paşinyan gah Qarabağın müstəqil olduğunu və İrəvanın onunla bağlı heç bir "hüquqa" malik olmadığını deyir, gah da Ermənistanın danışıqlar prosesində tərəf kimi iştirakını davam etdirəcəyini bəyan edir. İndi də Qarabağ separatçılarına qarşı hədələyici çıxışlar edir. İstisna edilmir ki, Paşinyan Respublikaçılar partiyası və onun rəhbəri - Qarabağ klanının üzvü Serj Sarkisyanın münaqişə kartından seçkilərdə ona qarşı istifadə edə biləcəyindən qorxduğu və Qarabağ rəhbərliyini hələ də tam öz tərəfinə çəkə bilmədiyi üçün bu cür hədələrə əl ataraq, başına gələ biləcək mümkün təxribatlardan sığortalanmağa çalışır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti