AŞPA Gürcüstanda seçkiqabağı borcların silinmə vədini qınadı
“Seçkilər yaxşı təşkil olunmuşdu. Amma ikinci raund müşahidə missiyasının bir çox üzvlərində narahatlıq yaradıb. Xüsusən də, bu, siyasi subyektlərin həddən artıq maliyyələşdirilməsi və büdcə xərclərilə, həmçinin, seçkilərdən əvvəl baş nazirin Gürcüstan vətəndaşlarının pul borclarının ləğv ediləcəyilə bağlı bəyanatı ilə əlaqədardır” – AŞPA müşahidə missiyasını rəhbəri bildirib.
Lakin onun sözlərinə görə, seçki prosesi zamanı ortaya çıxan qanun pozuntuları dünənki səsvermənin nəticələrinə təsir etməyib.
Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turundan əvvəl baş nazir Mamuk Baxtadze bəyan etmişdi ki, hökumət ödəniş edə bilmədiklərinə görə “qara siyahı”da olan 600 min Gürcüstan vətəndaşının bank borclarını silmək barədə qərar qəbul edib. Onun sözlərinə görə, borcların silinməsi prosesi 15 dekabrdan başlanacaq və ayın sonunadək davam edəcək.
Bu səbəbdən istisna edilmir ki, Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvilinin 59,52% səslə qələbə çalaraq prezident seçilməsində hökumətin bu vədi önəmli rol oynayıb.
Leyla Elbrusqızı
Azvision.az