Xaricdə yaşayan gürcülər də yeni prezident seçirlər

 Xaricdə yaşayan gürcülər də yeni prezident seçirlər
  28 Noyabr 2018    Oxunub:4085
Gürcüstanın xaricdə yaşayan vətəndaşlarının bugünkü prezident seçkilərində iştirakında heç bir maneə yaranmayıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze gün ərzində keçirdiyi növbəti brifinqdə bəyan edib. Bildirib ki, xaricdə yaşayan Gürcüstan vətəndaşları heç bir maneə ilə üzləşmədən demokratik prinsiplərə uyğun formada və sərbəst şəkildə öz seçdikləri namizədə səs veriblər.

“Ölkə hüdudlarından kənardakı bütün seçki məntəqələri açıqdır və səsvermə prosesi maneəsiz şəkildə keçir. Yerli vaxtla Kanada və ABŞ-dakı seçki məntəqələri də açılacaq. Bu gün xaricdəki seçki məntəqələri əlavə olaraq işləyəcəklər və səsvermə prosesi yerli vaxtla 24:00-dək davam edəcək. Bu, seçkilərdə daha çox vətəndaşımızın iştirakına imkan yaradacaq” – Mikeladze deyib.

MSK rəsmisi onu da vurğulayıb ki, prezident seçkilərinin ikinci turu ilə əlaqədar səsvermə dünyanın 39 ölkəsində yaradılan 55 seçki məntəqəsində keçirilir. Seçilərdə iştirak üçün xaricdə qeydiyyata alınan Gürcüstan vətəndaşlarının sayı 14 min 929 nəfərdir. Ümumilikdə isə, bugünkü seçkilərdə Gürcüstanın yaşı 18-dən yuxarı olan 3 milyon 528 min 658 vətəndaşı səsvermə hüququna malikdir.

Qeyd edək ki, Gürcüstanda 28 oktyabrda keçirilən prezident seçkilərində namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilməyib. Bu səbəbdən də, bu gün seçkilərin ikinci turunda Gürcüstan xalqı növbəti 6 il ərzində ölkəni idarə edəcək prezidentini seçmək üçün yenidən səsverməyə gedir. Gürcülər prezident postu uğrunda mübarizə aparan iki əsas namizəddən birini seçməlidirlər. Onlardan biri Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili, digəri isə “Vahid milli hərəkat” partiyasının üzvü, “Güc birlikdədir” müxalif blokunun namizədi, eks-prezident Mixail Saakaşvilinin sabiq silahdaşı Qriqol Vaşadzedir.

Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilərdir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti