Tunisdə Səudiyyə vəliəhdinə qarşı kütləvi etirazlar - FOTOLAR

Tunisdə Səudiyyə vəliəhdinə qarşı kütləvi etirazlar -  FOTOLAR
  27 Noyabr 2018    Oxunub:3423
Ərəb ölkələrinə turnesi çərçivəsində Misirdən Tunisə yollanacaq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın gəlişinə qarşı tunislilərin kütləvi etirazı keçirilir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, artıq iki gündür davam edən etirazlarda tunislilər səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətlini qınayaraq Məhəmməd bin Salmanı cinayətkar adlandırıblar və onun cəzalandırılmasını tələb ediblər.



Vəliəhdə etiraz olaraq yüzlərlə tunisli paytaxtın Həbib Burquibə mərkəzi prospektində yürüşə çıxaraq “Tunisdə cinayətkar qarşılanmır”, “Tunis rəhbərliyinə ar olsun!” şüarları səsləndiriblər. Etirazlara onlarla hüquq müdafiəçisi və media nümayəndələri də qatılıblar.



Qeyd edək ki, Məhəmməd bin Salman jurnalist Kaşoqinin qətlinə birbaşa əmr verməkdə günahlandırılır. ABŞ kəşfiyyatı bununla bağlı əllərində ciddi sübutun olduğunu və prezident Donald Trampı da bu barədə məlumatlandırdığını bildirib. Lakin jurnalistin qətli ətrafında beynəlxalq səs-küyün yersiz olduğunu deyən Tramp bildirib ki, ABŞ Səudiyyənin sadiq tərəfdaşı olaraq qalacaq.

Turnesi çərçivəsində Məhəmməd bin Salmanın Tunisdən sonra Əlcəzair və Mavritaniyaya səfər edəcəyi gözlənilir.



Xatırladaq ki, Tunis 2011-ci ildən başlayaraq Yaxın Şərqi və Şimali Afrikanı bürüyən “ərəb baharı” adı altındakı vətəndaş müharibələrinin beşiyi olub. Tunisdəki inqilab nəticəsində 23 il ölkəyə prezidentlik edən Zeyn əl-Abidin Ben Əli devrilərək Səudiyyə Ərəbistanına sığınıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Tunis   ABŞ  





Xəbər lenti