`La Nazione`: Azərbaycan dünyanı cəlb edir

`La Nazione`: Azərbaycan dünyanı cəlb edir
  31 Oktyabr 2013    Oxunub:1007
İtaliyanın nüfuzlu “La Nazione” qəzetində “Neft, qaz və göydələnlər. Azərbaycan dünyanı cəlb edir” sərlövhəli məqalə dərc edilib.


Məqalədə dövlət başçısı İlham Əliyevin prezident seçkilərində xalqın etimadını qazanaraq böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi qeyd olunub.

Vurğulanıb ki, əksər beynəlxalq təşkilatların nümayəndələri ölkəmizdə keçirilən seçkilərin dinc şəraitdə reallaşdığını bildiriblər.

Müəllif müasir və getdikcə gözəlləşən paytaxtımızdan da söz açıb. Diqqətə çatdırıb ki, Bakının özünəməxsus memarlıq üslubuna malik binaları hər kəsi heyran edir. Şəhərdə bu tarixi tikililərlə yanaşı, çoxlu sayda yeni restoranlar və mehmanxanalar da fəaliyyət göstərir.

Yazıda, həmçinin Bakının strateji əhəmiyyətə malik önəmli bir şəhərə çevrildiyi də vurğulanıb. Bildirilib ki, istər coğrafi, istərsə də geosiyasi əhəmiyyətinə görə paytaxtımızın önəmi sürətlə artır.
Məqalədə Azərbaycan qazının İtaliya ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin tezliklə həyata keçirilməsi nəticəsində Avropanın enerji təhlükəsizliyi məsələsi xüsusi diqqətə çatdırılıb. Vurğulanıb ki, enerji sahəsindən əldə olunan gəlirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəldilir.

Azərbaycan iqtisadiyyatının sürətli inkişafından da söz açan müəllif qeyd edib ki, son illər ölkəmizdə adambaşına düşən gəlir artmış və çoxlu sayda yeni iş yerləri açılıb.

Yazının sonunda vurğulanıb ki, məqalədə qeyd olunan məqamlara görə beynəlxalq aləmdə Azərbaycana maraq getdikcə artır.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti