“Trampa siyasətlə oynamağa icazə verirəm” - Makrondan cavab

“Trampa siyasətlə oynamağa icazə verirəm” -  Makrondan cavab
  15 Noyabr 2018    Oxunub:2458
"Zamanın sınağından keçən partnyorluq münasibətlərinə malik Parislə Vaşinqton bir-birinə hörmətlə yanaşmalıdır"

Azvision.az “France 24”ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın ümumavropa qoşunlarının yaradılması təklifinə görə onun ünvanına səsləndirdiyi tənqidi fikirlərə cavabında deyib.
“Şarl de Qoll” aviadaşıyıcısının göyərtəsində televiziyaya müsahibə verən Makron bildirib ki, Tramp özünün tvitləri və bəyanatları ilə sadəcə Amerika auditoriyasında özünə yer qazanmaq istəyir: “Düşünürəm ki, o, siyasət oynayır və mən ona bu siyasətlə oynamağa icazə verirəm”.

Makron Trampın vahid Avropa ordusu ilə bağlı ideyanı mühakimə etməsinə də münasibət bildiirb: “ABŞ uzun müddətdir ki, bizim müttəfiqimizdir və belə olaraq da qalacaqlar. Bu elə müttəfiqdir ki, onunla birgə risklərə getmişik, birlikdə ən çətin əməliyyatlar aparmışıq. Amma müttəfiq olmaq vassal dövlət olmaq demək deyil. Və vassal olmamaq üçün də biz onlardan asılı olmamalıyıq”, – deyə Makron bəyan edib.

Makron, həmçinin vurğulayıb ki ABŞ-dan, yaxud başqasından asılı olmamaq üçün Fransa həm özünün, həm də bütövlükdə Avropanın təhlükəsizliyi naminə daha böyük işlər görməlidir. Onun sözlərinə görə, Avropa nəinki hərbi sahədə, eyni zamanda kiber təhdidlərlə mübarizə sahəsində, dənizlərdə, hava məkanında və kosmosda da müstəqil olmalıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Avropa   Fransa   ABŞ  





Xəbər lenti