“Brexit” üzrə tarixi razılıq əldə olundu

“Brexit” üzrə tarixi razılıq əldə olundu
  14 Noyabr 2018    Oxunub:3105
Aylarla davam edən gərgin iş və qarşılıqlı mübahisələrə rəğmən Avropa İttifaqı (Aİ) ilə London arasında “Brexit”lə bağlı razılıq əldə olunub.

Azvision.az “Washington Post”a istinadən xəbər verir ki, Aİ və Böyük Britaniya tərəfindən “Brexit” prosesi üzrə danışıqları aparan rəsmi şəxslər nəhayət ki, Böyük Britaniyanın İttifaqın siyasi və iqtisadi strukturlarını hansı formada tərk edəcəyilə bağlı çərçivə sazişi üzərində işləri yekunlaşdırıblar.
Avropa hüququna uyğun olaraq yazılmış 400 səhifədən ibarət saziş layihəsində Britaniyanın Aİ-dan çıxmasının texniki prosedurları və digər məsələlər də göstərilib. Britaniya baş naziri Tereza Mey Brüssellə birgə hazırlanan “Brexit” sazişinin müzakirəsi üçün bu gün hökumətin fövqəladə iclasını çağırıb.

Meyin sözçüsü bildirib ki, Nazirlər Kabinetinin üzvləri iclasdan öncə sazişin mətni ilə artıq tanış olublar və iclasda əsasən “Brexit” üzrə bundan sonra atılacaq addımlar müzakirə olunacaq.

Mey özü isə jurnalistlərə verdiyi açıqlamada sazişin Britaniya vətəndaşlarının “Brexit”lə bağlı istəyinin daha tez reallaşmasına imkan yaradacağını deyib: “Biz pullarımız, qanunlarımız və sərhədlərimiz üzərində nəzarəti özümüzə qaytaracağıq.”

Hökumətin iclasından çıxan yekun qərarın nə olacağı isə hələlik bilinmir. Lakin qeyd olunur ki, Mey sazişin qəbul ediləcəyinə əmin olmasa, onu hökumətin müzakirəsinə çıxarmağa cürət etməzdi. Buna rəğmən, sənədə etiraz edən nazirlərin olacağı da istisna edilmir.

Amma istənilən halda, hökumət “Brexit” sazişi ilə razılaşsa belə, onu Britaniya parlamenti təsdiq etməlidir ki, konservativlərin daha əvvəlki bəyanatları bu prosesin olduqca çətin keçəcəyini deməyə əsas verir.

Qeyd edək ki, noyabrın sonunda Aİ-nın 27 üzv dövlətinin liderləri xüsusi “Brexit” sammiti keçirəcək. Müvafiq saziş həmin zirvədə müzakirəyə çıxarılacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti