Ər-Riyadda gizli görüş: Kaşoqidən əvvəl iranlı generalı öldürəcəkdilər

 Ər-Riyadda gizli görüş:  Kaşoqidən əvvəl iranlı generalı öldürəcəkdilər
  13 Noyabr 2018    Oxunub:8157
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxın olan yüksək vəzifəli məmurlar və kəşfiyyat işçiləri 2017-ci ilin martında paytaxt Ər-Riyadda bir qrup biznesmenlə gizli görüş keçirərək, bu ölkəyə düşmən olan İran vətəndaşlarının sifarişlə qətlə yetirilməsini müzakirə ediblər.
Azvision.az xəbər verri ki, bu barədə “The New York Times” qəzeti Səudiyyədəki etibarlı mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, silsilə qətllərin planlaşdırıldığı həmin danışıqlarda Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri cinayətlərin qüsursuzluğunun təmin edilməsi naminə xüsusi kəşfiyyat şirkətlərinin cəlb edilməsi üçün biznesmenlərdən 2 milyard dollar ayırmalarını tələb ediblər.

Mənbələrin verdiyi şokedici informasiya isə odur ki, Ər-Riyadın qətlinə sifariş verdiyi şəxslər sırasında İranın xaricdəki gizli və hərbi əməliyyatlarını icra edən xüsusi Qüds qoşunlarının komandanı, general-mayor Qasım Süleymaninin də adı olub.

Gizli görüşdə səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlini təşkil etdiyinə görə 2018-ci ilin oktyabrında vəzifəsindən qovulan səudiyyəli general, Səudiyyə Ərəbistanı kəşfiyyat idarəsinin sədr müavini Əhməd Asiri də iştirak edib. Görüşdə həmçinin, Livan əsilli amerikalı biznesmen Corc Nadir və İsrailin kəşfiyyat xidməti ilə yaxın əlaqədə olan İsrail vətəndaşı Coel Zamel də iştirak ediblər. Gizli görüşün təşkilatçısı isə məhz Corc Nadir olub.

Qəzet yazır ki, mənbələr vəliəhd şahzadə Məhəmməd bin Salmanın Kaşoqinin qətli daxil olmaqla, Ər-Riyaddan sifariş edilən bütün cinayətlər barədə məlumatlı olub. Çünki general Əhməd Asiri şahzadənin sağ əli olub və amerikalı biznesmen Corc Nadir isə generalla keçirdiyi bütün görüşlər və söhbətlər barədə bin Salmana məlumat verib. Çünki Corc Nadir bin Salmana yaxın olub və onunla mütəmadi olaraq elektron poçtla yazışıb. Həmçinin, vəliəhd şahzadə həmişə Nadirlə müzakirə etdiyi bütün məsələlərlə bağlı daha sonra Əhməd Asiri ilə də müzakirələr aparmasını təklif edib.

Maraqlıdır ki, məhz vəliəhd şahzadə ilə təkbətək görüşündən sonra Nadir general Əhməd Asirinin biznesmenlərlə görüşünü təşkil edib.

Məsələni daha da qəlizləşdirən və bir o qədər də maraqlı edən odur ki, Ər-Riyadın İranı diz çökdürməklə bağlı planını Trampa məhz amerikalı biznesmen Corc Nadir ötürüb. Və həm Nadir, həm də israilli Coel Zamel Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin istintaqında şahid qismində göstərilib. Müllerin onlardan İranla bağlı təklifin nə olduğunu və ABŞ, Səudiyyə rəsmiləri ilə nəyi müzakirə etdiklərini soruşduğu bildirilir.

“The New York Times” qəzeti mənbələrin açıqladığı bu məlumatlara münasibət öyrənmək istəsə də, Səudiyyə hökumətinin mətbuat xidməti və Nadirlə Zamelin vəkilləri şərh verməkdən imtina ediblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   İran   ABŞ   İsrail  





Xəbər lenti