“Paşinyanın hakimiyyəti qanunsuzdur” - “Yarımçıq inqilab”ın son mərhələsi

 “Paşinyanın hakimiyyəti qanunsuzdur” -  “Yarımçıq inqilab”ın son mərhələsi
  08 Noyabr 2018    Oxunub:3742
Nikol Paşinyan Ermənistanda hakimiyyəti qanunsuz şəkildə, zorla ələ keçirib. Bu azmış kimi, verdiyi vədlərə və elə özünün təklif etdiyi hökumət proqramında yazılanlara əməl etməyib. Bu isə açıq şəkildə göstərir ki, Ermənistan xalqının hisslərindən yenə də manipulyasiya aləti kimi istifadə olunur.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın “Milli özünütəyin birliyi” partiyasının sədri Paruyr Ayrikyan bu gün jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, Paşinyanın baş nazir olaraq yazılı şəkildə xalqa təqdim etdiyi və parlament tərəfindən də təsdiqlənən öz hökumət proqramının müddəalarına zidd getməsi əslində, qanun pozuntusudur. Və nədənsə, Paşinyanın təkhakimiyyətliliyinə hesablanan bu pozuntuya göz yumulur, xalqa qorxu hissi aşılanır.

“Paşinyan hökumətinin proqramında yazılıb ki, növbədənkənar parlament seçkiləri bir ildən sonra və yeni Seçki Məcəlləsinin qəbulu ilə keçirilməlidir. Amma reallıqda bunların heç biri yoxdur. Parlament qarşısında təşkil edilən mitinqin məqsədi cəmiyyətdə bir vahimə, çaxnaşma yaratmaqla dekabrda növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq idi”.



Ayrikyan onu da xatırladıb ki, hələ Serj Sarkisyanın dövründə müxalifətdə olan Paşinyan Avrasiya İqtisadi İttifaqı strukturlarına inteqrasiyaya şiddətlə qarşı çıxırdı, “amma indi bu İttifaq nədənsə Paşinyan üçün dünyada ən yaxşı təşkilata çevrilib. Bundan başqa, bir neçə ay əvvəl o, oliqarxlarla mübarizə elan edib və indi ortaya çıxır ki, sən demə Ermənistanda oliqarx yoxdur. Adam gərək özünün təklif etdiyi proqrama və sözlərinə sədaqətli və dürüst olsun”.

Erməni siyasətçiyə görə, Paşinyan gözdən pərdə asmaqla xalqın milli hisslərindən öz şəxsi ambisiyaları üçün istifadəni davam etdirərsə, çox keçmədən elə onun özünün adlandırdığı kimi, “yarımçıq inqilab” Paşinyanın sıfır etibarla siyasi səhnədən birdəfəlik uzaqlaşdırılması ilə tamamlanacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Seçki   Parlament  





Xəbər lenti