Həbsxanadakı qiyamda ölənlərin sayı 27-ə çatdı

  08 Noyabr 2018    Oxunub : 1814
Həbsxanadakı qiyamda ölənlərin sayı 27-ə çatdı
Tacikistanın şimalındakı Hocand şəhərində yerləşən ciddi rejimli həbsxanada baş verən silahlı qiyam nəticəsində ölənlərin sayı 27-ə çatıb.

Azvision.az bildirir ki, bu barədə “RİA Novosti”yə Soqdiya əyalətinin güc strukturlarındakı mənbə məlumat verib.
Qeyd olunur ki, ölənlərdən ikisi zabitdir – biri həbsxananın mühafizəçisi, digəri isə xüsusi təyinatlıdır. Qalan 25 nəfər isə məhkumlardır.

Mənbənin məlumatına əsasən, qiyamı yatırmağa çalışarkən yaralanan 6 mühafizəçi xəstəxanaya yerləşdiriliblər. Hazırda Soqdiya əyalətinin hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Xüsusən də, həbsxananın bütün giriş-çıxışları yoxlanılır.

Qeyd edək ki, Hocand şəhərindəki həbsxanada İŞİD üzvü olan məhkum mühafizəçinin silahını ələ keçirərək ətrafına atəş açmağa başlayıb. Onun başlatdığı qiyama digər məhkumlar da qoşulub və qısa müddətdə həbsxana korpuslarından birinə nəzarəti ələ keçiriblər. Qiyamı yatırmaq üçün həbsxanaya xüsusi təyinatlılar göndərilib. Bundan əvvəl hadisə nəticəsində 13 məhkumun həyatını itirdiyi bildirilirdi.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Tacikistan