“Kaşoqinin ölüm əmrini kral verməyib” - XİN rəhbəri

 “Kaşoqinin ölüm əmrini kral verməyib” -  XİN rəhbəri
  06 Noyabr 2018    Oxunub:2197
Səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin öldürülməsilə bağlı əmr Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz tərəfindən verilməyib.

Azvision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində Beynəlxalq Mətbuat Klubunda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Səudiyyə kralı ilə Kaşoqi cinayətindən sonra ilk dəfə telefonla danışdığını xatırladan Çavuşoğlunun sözlərinə görə, söhbətdən sonra Ərdoğan Salman bin Əbdüləzizin jurnalistin qətlinə əmr verəcək biri olmadığını deyib.

Bununla belə, Çavuşoğlu Kaşoqinin ölümü ilə bağlı istintaqın davam etdiyini və əsl təlimatçıların mütləq üzə çıxacağını vurğulayıb. O, həmçinin, cinayətlə əlaqədar Ankaranın əlində hələ də ictimaiyyətə açıqlanmayan sübutlar olduğunu deyib.

“Kaşoqinin cəsədinə nə baş verdiyini üzə çıxarmaq və bunu bizə söyləmək Səudiyyə Ərəbistanının məsuliyyətinə daxildir. Çünki həbs edilən 15 nəfər hələ də Səudiyyədədir. Bu 15 nəfər Türkiyəyə özbaşına gəlməyib, təlimat alıblar. Təlimat və icazə almadan Səudiyyə Ərəbistanından 15 nəfər bir Səudiyyə vətəndaşını öldürmək üçün gələ bilməz. Bu təlimatı kimi verdiyini bilməliyik. Əlimizdə hələ ictimaiyyətlə paylaşmadığımız bəzi sübutlar da var. Həmin sübutları görmək istəyən ölkələrə fürsət vermişik”, – deyə Türkiyə XİN-in rəhbəri bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Səudiyyə  





Xəbər lenti