Kaşoqinin oğlanları: “Atamız üçün yas saxlamırıq”

 Kaşoqinin oğlanları:  “Atamız üçün yas saxlamırıq”
  05 Noyabr 2018    Oxunub:3778
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən jurnalist Camal Kaşoqinin oğlanları ilk dəfə mətbuata danışıblar.

Azvision.az xəbər verir ki, CNN kanalına müsahibə verən 35 yaşlı Salah ilə qardaşı, 33 yaşlı Abdulla Kaşoqi atalarına yas tutmadıqlarını bildiriblər. Bunu Camal Kaşoqinin cəsədinin olmaması ilə əlaqələndiriblər.
“Atamızın cəsədi bizə verilmədən yas tuta bilmərik və bu mövzu da bağlanmaz. Atamızı Mədinədə dəfn etmək istəyirik. Səudiyyəli səlahiyyətli şəxslərlə danışmışıq, ümid edirəm ki, qısa zamanda bizə cavab verərlər. Biz də hər kəs kimi atamın ölümü ilə bağlı məlumatları mediadan öyrənirik. İnsanlar bizdə cavabların olduğuna inanırlar. Lakin biz heç nə bilmirik”.

Salah Kaşoqi atasının övladlarına və nəvələrinə yaxın olmaq üçün Vaşinqtondan Türkiyiyə köçdüyünü bildirib. O, həmçinin Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əl ilə salamlaşmasının yanlış şərh edildiyini söyləyib.

“İstintaqın bitməsini və həqiqətlərin ortaya çıxmasını gözləyirik. Kral bu işdə əli olan hər kəsin ədalətə təslim ediləcəyini bildirib. Buna inanıram”.

Abdulla Kaşoqi isə atası barədə deyib: “Atamın Türkiyəyə gəldiyini öyrənəndə onun yanına getdim, nişanlısı Xədicə Çingizlə tanış oldum. Atam çox xoşbəxt idi. Onunla görüşmək mənim üçün fürsət idi və onu son dəfə gördüyüm üçün xoşbəxtəm. Ümid edirəm ki, öləndə atam çox əziyyət çəkməyib. Atamın "Müsəlman qardaşları" təşkilatının üzvü olması ilə bağlı deyilənlər yalnışdır. İnsanlar onun məqalələrinin dərinliyinə baxmırlar. Kiməsə şər atmaq ən asan işdir. Camal monarxiyaya və onu ölkəni bir arada saxlayan tək qüvvə olduğuna inanırdı. Atamla bağlı bütün məlumatları diqqətlə izləyirik. Bir tərəfdən kədərimizi yaşayırıq, digər tərəfdən gələn qısa xəbərlərlə hadisəni tamamlamağa çalışırıq. Bu, olduqca çaşdırıcı və çətin işdir. Çünki atamın ölümü normal hal və adi ölüm deyildi”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Camal-Kaşoqi   Səudiyyə  





Xəbər lenti