Almaniya Polisi: Avropadakı erməni mafiyası İrəvandakı hökumətə işləyir

 Almaniya Polisi:  Avropadakı erməni mafiyası İrəvandakı hökumətə işləyir
  03 Noyabr 2018    Oxunub:5370
Ermənistandan olan cinayətkarlar Almaniyada güclü və böyük bir şəbəkə qurublar. Qafqazın bu cür kiçik ölkəsinin belə "məharət" sahibi olması, düşünsək, heç ağlımıza da gəlməz. Lakin araşdırmalar göstərir ki, erməni mafiyası nəinki Almaniyada, bütün Avropada dərin kök salan təhlükəli cinayətkar qruplaşmalardan biridir.
Azvision.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı “Mitteldeutscher Rundfunk” radiosu ilə ortaq araşdırma apararaq 2017-ci ilin oktyabrında Erfurt şəhərində bir erməniyə məxsus restoranda baş verən şiddətli atışmanın izlərini təqib edərkən üzə çıxardıqları faktlara əsasən belə yazıb. Jurnal araşdırma zamanı Almaniyanın Federal Cinayət Polisinin erməni mafiyasına qarşı mübarizə ilə bağlı məxfi məruzəsinə giriş əldə edə bilib və məlum olub ki, Almaniyada əlaqələri diplomatik dairələrədək gedib çatan güclü bir erməni mafia şəbəkəsi mövcuddur.

Qeyd olunur ki, son 3 il ərzində Almaniyanın təhlükəsizlik qüvvələri məxfi əməliyyatlar çərçivəsində erməni mafiyasının üzvlərini həbs etməyə çalışıb. Lakin bu məsələdə ciddi uğur əldə edə bilməyib. “Fight against thieves in law” (“Qanuni oğrulara qarşı mübarizə”) kod adı altındakı əməliyyatları 6 əyalətin müvafiq ixtisaslaşmış qurumları ilə birgə keçirib.

“Der Spiegel” yazır ki, bu, indiyədək Almaniyada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən ən irimiqyaslı əməliyyat-axtarış tədbirlərindən biridir.

Almaniyanın hüquq-mühafizə orqanlarındakı istintaq materiallarında “qanuni oğrular” Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının ən yüksək avtoritetləri kimi göstərilib. Və həmin sənədlərdə qeyd olunur ki, bu avtoritetlər Almaniyadakı erməni mafiyası strukturlarını da idarə edir.

Almaniyanın Federal Cinayət Polisinin məxfi məruzəsində erməni mafiyasının maliyyə fırlıdaqçılığı, oğurluq, tütün və mühacir qaçaqmalçılığı, cinayətkar qruplaşmaların yaradılması və digər cinayətlərlə məşğul olduğu yazılıb: “Küllü miqdarda maliyyə resurslarına sahib erməni mafiyası Almaniyadakı hüquqi dövlətin əsaslarını təhdid edir.”

Hətta vurğulanır ki, aparılan istintaq çərçivəsində olduqca təhlükəsli olan erməni mafiyasının cinayətkar üzvlərinin ələ keçirilməsi üçün Federal Cinayət Polisinə Almaniyanın Federal Kəşfiyyat Xidməti və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizəni koordinasiya edən “Avropol” (Avropa İttifaqının polis xidməti) da kömək edirlər. Lakin dəlillərin yetərsizliyi üzündən istintaqın nəticələri ciddi həbslərin icrasına imkan vermir. Cinayətkarlar qanuni dövriyyəyə buraxmaq üçün qanunsuz yolla əldə etdikləri pulları daşınmaz əmlaka yatırırlar. Lakin polis pulun qanunsuz mənbələrdən gəldiyini sübut edə bilmir. İstintaqda iştirak edən polislərdən birinin sözlərinə görə ki, erməni cinayətkar qrupları arasında təcrid olduqca yüksək səviyyədədir ki, bu da erməni mafiya şəbəkəsinin izilə sonadək getməyi çətinləşdirir.

“Der Spiegel” qəzeti onu da xüsusilə vurğulayıb ki, erməni mafiyasının Ermənistan hökuməti və diplomatik strukturları ilə əməkdaşlığı istisna edilmir.

Qeyd olunur ki, Ermənistanın Almaniyadakı hazırkı səfiri Aşot Smbatyan 10 il əvvəl beynəlxalq qaçaqmalçılıq fəaliyyətlərinə cəlb olunmaqda şübhəli bilinirdi. 2014-cü ildə Ermənistanın Almaniyadakı səfiri xəstəlikdən vəfat etdikdə Serj Sarksyan gözlənilməz şəkildə Aşot Smbatyanı onun davamçısı təyin edib. Səfir Smbatyan Almaniyada həm ölkəsinin, həm də öz nüfuzunu artırmaq üçün son illərdə çox işlər görüb. Çünki narahat idi ki, erməni mafiyaları haqqında xəbərlər yaymaq Ermənistanla vizanın asanlaşdırılmasına mənfi təsir göstərə bilər. Bu səbəbdən də, erməni mafiyasına qarşı mübarizədə rəsmi Berlinə öz köməyini təklif edib. Lakin Federal Cinayət Polisi bu əməkdaşlıqdan imtina edib. Almaniya polisi bildirib ki, erməni “qanuni oğrular”ın Ermənistanın dövlət strukturları və onların nümayəndələri ilə əlaqələrini istisna etmirlər. Odur ki, bu cür əməkdaşlıq rəsmi İrəvanın dəstəyi və qoruması altında olduğu güman edilən erməni mafiyası üzvlərinin həbsini daha da çətinləşdirə bilər.

Xatırladaq ki, 4 ay bundan əvvəl İspaniya təhlükəsizlik qüvvələri Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçqmalçılığı, çirkli pulların yuyulması və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   ermənimafiyası   Almaniya   İspaniya   Avropaİttifaqı   “Avropol”  





Xəbər lenti