Gürcüstanda seçkilərin ikinci turunun tarixi açıqlandı

 Gürcüstanda seçkilərin ikinci turunun tarixi açıqlandı
  29 Oktyabr 2018    Oxunub:3080
Gürcüstanda prezident seçkilərinin ikinci turu 2 dekabrdan gec olmayaraq keçiriləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jvaniya keçirdiyi brifinqdə bəyan edib.

“Bir sıra prosedurlardan keçmək lazımdır. İkinci tur birinci turdakı səsvermə nəticələrinin rəsmi elanından sonra 2 həftə ərzində keçirilməlidir. Odur ki, prezident seçkilərinin ikinci turunun son tarixi 2 dekabrdır”, – deyə Jvaniya bildirib.

Qeyd edək ki, bazar günü Gürcüstan xalqı növbəti 6 il ərzində ölkəni idarə edəcək prezidentini seçmək üçün səsverməyə gedib. Seçkilərdə seçici fəallığı 46,74% təşkil edib - 1 milyon 637 956 nəfər səsvermədə iştirak edib. Lakin səslərin 99,57 faizi hesablandıqdan sonra namizədlərdən heç birinin birinci turda qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilmədiyi aydınlaşıb.

Belə ki, seçki marafonuna qatılan 25 namizəd arasında favoritlərədn olan Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili səslərin 38,6 %-ni, onun əsas rəqibi - eks-prezident Mixail Saakaşvilinin sabiq silahdaşı Qriqol Vaşadze isə 37,75 %-ni toplayıb.

Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilər olub. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Gürcüstan   seçki  





Xəbər lenti