Gürcüstanda namizədlər 50%-i keçə bilmədi

Gürcüstanda namizədlər 50%-i keçə bilmədi
  29 Oktyabr 2018    Oxunub:2783
Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 99,57 faizi hesablandıqdan sonra namizədlərdən heç biri birinci turda qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilməyib.
Azvision.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jivaniya bildirib.

Səsvermə bülletenlərinin 99,57 faizinin nəticəsinə əsasən, müstəqil namizəd Salome Zurabişvili səslərin 38,6 %-ni, müxalif “Vahid milli hərəkat” partiyasının namizədi Qriqol Vaşadze 37,75 %-ni toplayıb. David Bakradze isə 10 faizdən bir qədər çox səs qazanıb.

MSK bildirib ki, 3705 seçki məntəqəsindən yalnız bir neçəsində bülletenlərin sayılması qalıb ki, bu da seçkilərin hazırkı nəticələrində ciddi dəyişikliyə gətirməyəcək. Bu səbəbdən rəsmi nəticələr açıqlandığı gündən sonrakı iki həftə ərzində Gürcüstan prezdentinin seçilməsi üçün ikinci tur keçiriləcək.

Qeyd edək ki, bazar günü Gürcüstan xalqı növbəti 6 il ərzində ölkəni idarə edəcək prezidentini seçmək üçün səsverməyə gedib. Seçkilərdə seçici fəallığı 46,74% təşkil edib - 1 milyon 637 956 nəfər səsvermədə iştirak edib. Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilər olub. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.

Hazırkı seçkilərdə rəqabət kifayət qədər güclü olub. Seçki marafonunda 25 namizəd prezident postu uğrunda mübarizə aparıb. Favoritlər sırasında Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və eks-prezident Mixail Saakaşvilinin sabiq silahdaşı Qriqol Vaşadzedir. Ekspertlərə görə, birinci turda onlar arasındakı cüzi fərq ikinci turun nəticələrini öncədən proqnozlaşdırmağı bir qədər çətinləşdirir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti