Gürcüstanda tarixi gün: Xalq kimi seçəcək?
Ekspertərin fikrincə, ölkə başçısı postunu məhz bu 3 namizəddən biri tutacaq. Hər 3 namizədin seçki plaftorması hər kəsə bəllidir.
Zurabişvili seçicilərlə görüşdə hər bir vətəndaşın prezidenti olacağını, dövlət başçısı seçiləcəyi halda Prezident Administrasiyasının qapılarının vətəndaşlara açıq olacağını söz verib. O, əmək haqlarının, pensiyaların artırılacağı, vətəndaşların həyat səviyyəsinin yaxşılaşacağı barədə isə heç bir vəd verməyib.
Vaşadze isə qalib gələcəyi halda pensiyaları 2 dəfə artıracağını, hüquq-mühafizə orqanları, hərbçilər, müəllimlər və həkimlərin əməkhaqlarını xeyli artıracağını vəd edib. Bundan əlavə, prezident seçildikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
David Bakradze də seçiciləri qarşısında oxşar vədlərlə çıxış edib və ölkəsinin xoşbəxt gələcəyi üçün var gücü ilə çalışacağını söyləyib.
"Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri Bidzina İvanişvili hesab edir ki, prezident seçkilərində ikinci turun olma ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, seçkidə 100% Salome Zurabişvili qalib gələcək.
Gürcüstanın hazırki prezidenti Georgi Marqvelaşvili isə kimə səs verməsi ilə bağlı suala ad çəkmədən "mən hər kəsin prezidenti olacaq namizədə səs verdim" - deyə cavab verib.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 16:00-dək seçici fəallığı 31 faizdən çox olub. Səsvermə zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçicilərdən və müşahidəçilərdən də qanun pozuntusu barədə MSK-ya müraciət daxil olmayıb.
Rüstəm İsmayılov
Azvision.az