Moskvada erməni memara heykəl qoyulmasına qarşı etirazlar

 Moskvada erməni memara heykəl qoyulmasına qarşı etirazlar
  28 Oktyabr 2018    Oxunub:2708
Moskvada erməni memar Karo Alabyana heykəl qoyulmasına qarşı etiraz aksiyası keçirilir.
Sentyabr ayında Ermənistanın Rusiyadakı səfirliyinin Alabyana abidə qoyulması təklifi Moskva mədəni irs departamenti tərəfindən bəyənilmişdi. Yekun qərarı isə Moskva şəhər Duması oktyabrın sonlarında verməlidir. Bir qrup memar Alabyanın heykəlinin qoyulmasına qarşı çıxaraq petisiya imzalayıb. Onlara yüzlərlə şəhər sakini də qoşulub.

Karo Alabyan SSRİ Memarlıq Akademiyasının birinci vitse-prezidenti, Moskvanın baş memarı və “SSRİ memarlığı” jurnalının məsul katibi, Anastas Mikoyanın yaxın dostu olub.

Avanqard Mərkəzinin rəhbəri, memarlıq tarixi üzrə mütəxəssis Aleksandra Selivanova Alabyanın sovet memarlığında roluna yenidən baxılması üçün artıq uzun illərdir mübarizə aparır və hətta onun elmi işlərindən biri bu mövzuya həsr olunub. A.Selivanova özünün “Facebook” səhifəsində yazır ki, “donos”la məşğul olan və ötən əsrin əvvəllərində repressiyalarda iştirak etmiş bir kəsə heykəl qoyulması tamamilə yolverilməzdir. Selivanovanın sözlərinə görə, Alabyan SSRİ Memarlar İttifaqında yaradıcı mühiti dağıtmış, işini yerlibazlıq və “donos”lar əsasında qurmuş, müsabiqələrin nəticələrini saxtalaşdırmış bir adamdır.

Selivanova SSRİ Memarlar İttifaqı partiya komitəsi iclaslarının stenoqramlarından bəzi nümunələr gətirir. Sitatlardan görünür ki, Alabyan gənc memarlara qarşı çıxır, onları ifşa edəcəyini, “maskalarını çıxaracağını” vəd edir, “formalizm” cərəyanının ardıcılları olan həmkarlarını cəzalandırmaqla hədələyir.

Moskvada Alabyanın heykəlinin qoyulmasına qarşı yaradılmış petisiyada qeyd olunur ki, Alabyan A.Burov, İ.Leonidov və bir çox digər memarların peşələrindən uzaqlaşdırılması, Konstantin Melnikov kimi məşhur memarın emalatxanasının əlindən alınaraq işindən kənarlaşdırılmasında yaxından iştirak edib. Alabyanın bir sıra həmkarları repressiyalara məruz qalıb və onun bu hadisələrdə rolu hələ sona kimi araşdırılmayıb.

Petisiyada deyilir ki, memarlar birliyində bürokratik özbaşınalığın, “donosculuğun” və repressiyaların rəmzinə çevrilmiş bir adama Moskvada heykəl qoyulması Alabyanın qurbanlarının ruhu qarşısında ədalətsizlikdir. (AzərTAc)

Azvision.az


Teqlər: Moskva   Etiraz  





Xəbər lenti