Ərəb ölkəsindən İsraillə bağlı sensasion bəyanat

Ərəb ölkəsindən İsraillə bağlı sensasion bəyanat
  27 Oktyabr 2018    Oxunub:3435
İsrail Yaxın Şərqin dünya birliyi tərəfindən tanınan dövlətidir və artıq bizim onu qəbul etməyimizin vaxtıdır.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Oman sultanlığının xarici işlər naziri Yusif bin Ələvi bin Abdulla Bəhreyndə keçirilən təhlükəsizlik üzrə “Manama Dialoq Sammiti”ndə çıxışı zamanı Yaxın Şərqin müsəlman dövlətlərinə bu cür çağırış edib.
“İsrail regionda mövcud olan bir dövlətdir və biz hamımız bunu başa düşürük. Eləcə də bütün dünya bu faktın fərqindədir. Bəlkə də, artıq İsraillə digər dövlətlər kimi rəftar edilməsi və onun eyni öhdəlikləri daşımasının vaxtı yetişib”, – deyə Oman XİN-in rəhbəri bəyan edib.

Yusif bin Ələvinin bu bəyanatı İsrailin baş naziri Benyamin Netanyahunun diplomatik əlaqələrin qurulmadığı Omana ilk rəsmi səfərindən bir gün sonra verməsi diqqət çəkib. Netanyahudan əvvəl isə, Fələstin prezidenti Mahmud Abbas Omana 3 günlük səfər gerçəkləşdirmişdi.



Regionun müsəlman dövlətlərinin İsraillə münasibətləri normallaşdırmasının vaxtı çatdığını deyən Yusif bin Ələvi daha sonra əlavə edib: “Biz demirik ki, indi yol asanlaşıb və çiçəklərlə döşənib. Amma bizim prioritetimiz münaqişəyə son qoymaq və yeni dünyaya keçid etməkdir. Oman İsraillə Fələstinin bir araya gəlməsinə kömək məqsədilə ideyalar təklif edir, lakin biz vasitəçi kimi çıxış etmirik”.

Yusif bin Ələvi onu da vurğulayıb ki, ölkəsi Yaxın Şərqdə sülhə dair “əsrin sazişi”nə nail olunması üzrə ABŞ prezidenti Donald Trampın təşəbbüslərinə etibar edir.

Xatırladaq ki, bundan əvvəl Netanyahunun Omana səfərini şərh edən rəsmi Tehran İsraili regionun müsəlman ölkələri arasında nifaq salmaqda ittiham edib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Oman   İran   İsrail   Fələstin   ABŞ  





Xəbər lenti