Nişanlısı Kaşoqi barədə həqiqətləri açıqladı: “Ərdoğanla yaxın dost idi”

 Nişanlısı Kaşoqi barədə həqiqətləri açıqladı:  “Ərdoğanla yaxın dost idi”
  26 Oktyabr 2018    Oxunub:10901
Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilən səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin nişanlısı Xədicə Çingiz ilk dəfə türk mətbuatına ətraflı açıqlama verib.
Azvision.az xəbər verir ki, “Habertürk”ə müsahibəsində Xədicə Kaşoqinin konsulluqda başına gələnlərlə bağlı və jurnalistin özü barədə yayılan bəzi məlumatları təkzib edib.

Nişanlısının sözlərinə görə, Kaşoqi ilə tanış olduğu zaman artıq 1,5 il Amerikada yaşamasına baxmayaraq, jurnalist ABŞ vətəndaşlığı almamışdı. Amma Səudiyyə vətəndaşı olmasının gələcəkdə ona problemlər yaradacağını bildiyi üçün ABŞ vətəndaşlığı əldə etməklə bağlı müraciət etmişdi.

Xədicə Kaşoqinin Səudiyyədəki ailəsi ilə bağlı çox az məlumata sahib olduğunu və jurnalistin özünün də bu barədə çox danışmağı sevmədiyini deyib.

“Camal bəyin mövqeyini müxalif olaraq göstərmək nə qədər doğrudur bilmirəm. Onun ölkəsində indi bir transformasiya var. Yenidənqurmadan, islahatlardan və vəliəhd şahzadəni nəzərdə tuturam. Baş verən dəyişiklikləri həyəcan və narahatlıqla izləyirdi. Çox tənqid etdiyi, amma sevinclə yazdığı məqalələri də var. Vətənsevərliyi yazılarından da görünürdü. Çünki onun üzərində həbs edilən dostlarının məsuliyyəti var idi. Gününün çoxunu üzüntü və fikirlərlə keçirirdi”.

Xədicənin sözlərinə görə, konsulluğa getmələrinin səbəbi əcnəbi ilə ailə quracağından Kaşoqinin subay olduğunu sübut edən sənədin alınması idi.

“Konsulluqda problem ola biləcəyini düşünürdü, amma bura gəldikdən sonra bu məsələni araşdıracağını deyirdi. Hətta Fatih bələdiyyəsinə gedib sənədi konsulluqdanmı almalıyıq, yoxsa bunun başqa yolu varmı, deyə məsləhət etdik. Kaşoqinin ABŞ-a qayıdıb oradakı Səudiyyə Ərəbistanı konsulluğundan müvafiq sənədləri istədiyi və ona rədd cavabı verilərək Türkiyəyə yönləndirildiyinə dair söhbətlər gəzir, amma belə bir şey olsaydı, mənə deyərdi”.

Nişanlısının dediyinə görə, Kaşoqi Türkiyədəki konsulluqda gərginlik çıxmasından qorxurdu: “Hətta burada yox, başqa bir ölkədə evlənə bilərikmi deyə sual verirdi. Yazdığı məqalələr səbəbindən konsulluqda gərginlik çıxmasını istəmirdi. Ona rədd cavabı veriləcəyindən narahat idi. İstəmirdi ki, ölkəsinə geri dönməsini tələb etsinlər. Amma başqa bir ölkəyə də getsə, əcnəbi ilə evlənəcəyi üçün yenə də Səudiyyə konsulluğuna getməsi gərəkdiyini söylədilər. O üzdən Türkiyənin təhlükəsiz bir ölkə olduğu, başına bir hadisə gələrsə, daha asan həll ediləcəyinə inanırdı. Düşünürdü ki, Səudiyyə Ərəbistanı beynəlxalq aləmdə güclü bir ölkə olan Türkiyə ilə gərginlik yaradacaq hansısa hərəkət etməz.”



Xədicə Kaşoqinin qətlə yetirildiyi günün onların Səudiyyə konsulluğuna getdikləri ilk gün olmadığını da açıqlayıb. Konsulluğa ilk dəfə sentyabrın əvvəllərində gediblər, lakin təkcə Kaşoqini binaya buraxıblar. İçəri girəndən 1 saat sonra Kaşoqi çıxıb və telefonlarını Xədicəyə verərək yenidən konsulluğa daxil olub:

“Sonra Kaşoqi çox sevincli bir şəkildə binadan çıxdı. Ondan çox mən sevindim. 1,5 ildir ilk dəfə ölkəsinin torpağına daxil olmuşdu. Konsulluq işçilərinin onunla maraqlandıqlarını, salamlaşıb söhbət etdiklərini, onunla çox yaxşı davrandıqlarını dedi. Konsulluqdan bildirdilər ki, sənədləri bir neçə günə hazır olacaq. Amma Kaşoqi səfərə çıxacağını deyir və ondan nə zaman qayıdacağını soruşurlar. Kaşoqi də 2 oktyabr çərşənbə axşamı deyib. Konsulluq işçiləri Kaşoqini əmin ediblər ki, həmin günədək sənədləri hazırlayacaqlar”.

Xədicənin sözlərinə görə, 2 oktyabrda ikinci dəfə konsulluğa gedəndə Kaşoqidə əvvəlki kimi həyəcan yox idi. Çünki artıq bir dəfə orada olmuşdu.

“Konsulluğa birlikdə daxil olmağı tələb etdim, amma məni içəri almadılar. İlk səfərimizdən proseduru bildiyimiz üçün Kaşoqi telefonlarını mənə verdi və binaya daxil oldu. Və ardından uzun gözlənti başladı. Düşündüm ki, yəqin içəridə onu söhbətə tutublar, çünki uzun müddətdir ki, ölkəsindən uzaqda yaşayır. Amma sonra pis bir şeyin baş verdiyinə dair qəribə hisslər keçirdim və orada gördüyüm türk işçisindən Camalı soruşdum. Amma mənə içəridə heç kimin olmadığını və hamının çıxdığını söylədi. Dərhal Camalın dostlarına zəng etdim, onlar gəldilər. sonra bir neçə mətbuat nümayəndələri və bölgə polisi də gəldi. Polislə gedib idarədə ifadə verdim və şikayət etdim. Məsələ ilə bağlı istintaq başladı. Kaşoqinin kompüterini və evdə istifadə etdiyi özəl əşyalarını, saçından nümunə və s. şeyləri polisə təqdim etdim”.

Xədicə onu da bildiirb ki, ABŞ prezidenti Donald Trampın Kaşoqi məsələsi ilə bağlı ilk günlərdə səsləndirdiyi fikirlərin hamısı bir-birinə zidd olub və sadəcə ictimaiyyətin simpatiyasını qazanmaq məqsədi güdüb. Lazım gələrsə Ağ Evədək gedəcəyini deyəndən sonra isə Tramp onu ABŞ-a dəvət edib. Dəvətdən sonra isə dövlət katibi Mayk Pompeo Xədicəyə zəng edərək indiyədək məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını və proseslərdən xəbərsiz olduqlarını söyləyib: “Açıqlamaları çox siyasi idi, sadəcə başsağlığı verdi. Zəng etməklərində məqsəd zənnimcə, Trampın dediklərindən sonra ciddi olduqlarını göstərmək idi”.

Xədicə, həmçinin deyib ki, Kaşoqinin yoxa çıxmasından indiyədək Səudiyyədən ona zəng edərək əlaqə saxlayan omlayıb. Lakin Kaşoqinin öz cənazəsinin Mədinədə dəfn edilməsi ilə bağlı vəsiyyətindən ailəsinin də xəbərdar olduğunu deyib. Lakin jurnalistin cəsədinin hələ də tapılmadığına diqqət çəkib.

Kaşoqinin nişanlısı həmçinin vurğulayıb ki, Camal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın dostluq münasibətlərində olublar. Jurnalistin Türkiyəni sevməsi və ailə qurduqdan sonra İstanbulda yaşamaq istəməsinin səbəblərindən biri də bu olub.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti