Netanyahu Qüdsdə 12-ci dəfə dindirildi
Bugünkü ddindirilmə zamanı Netanyahunun iqamətgahı önündə əllərində “cinayətlər naziri” yazılan plakatlar tutan etirazçılar toplaşıb və baş nazirin istefasını, həmçinin, onun mühakimə olunmasını tələb ediblər.
İstintaqçılar sübut etməyə çalışırlar ki, Netanyahu administrasiyasının məmurları “Bezek” telekommunikasiya şirkətinin maraqlarını təmin və təşviq ediblər. Bunun əvəzində isə şirkət “Walla” nüfuzlu xəbər portalında İsrail hökumətinin fəaliyyətinin müsbət təbliğatı ilə məşğul olub. Polis əldə etdiyi materialları İsrail baş prokurorluğuna təqdim edərək, Netanyahuya qarşı korrupsiya və fırıldaqçılıq, etibardan sui-istifadə üzrə ittiham irəli sürülməsini təklif edib.
Netanyahu və onun ailə üzvləri biznesmenlərdən böyük məbləğdə rüşvət almaqda da ittiham olunur. Lakin iddiaları rədd edən Netanyahu ölkədəki bəzi media qurumlarını hökuməti gözdən salmağa çalışmaqda günahlandırır.
Qeyd edək ki, 2017-ci ildə Netanyahunun sağ əli olan David Bitan korrupsiya araşdırmaları səbəbindən istefa verməyə məcbur olmuşdu.
Leyla Elbrusqızı
AzVision.az