İsrail televiziyası Azərbaycandakı tolerantlığı göstərdi - VİDEO

İsrail televiziyası Azərbaycandakı tolerantlığı göstərdi - VİDEO
  03 Oktyabr 2018    Oxunub:5213
Qəbələ Beynəlxalq Musiqi Festivalını yayımlamaq üçün Azərbaycana gələn İsrailin nüfuzlu KİV-ləri – “The Jerusalem Post” və “Maariv” qəzetlərinin jurnalistləri, həmçinin, İsrailin “KAN” ictimai telekanalının əməkdaşı Uriya Elkayam Bakı, Quba və Oğuzdakı yəhudi icmalarını ziyarət ediblər.
AzVision.az xəbər verir ki, “KAN” telekanalının əsas efir vaxtında vətənə qayıdan Uriya Elkayamın hazırladığı “Biz olduqca bənzərik: Azərbaycanda müsəlmanlar və yəhudilər arasındakı nadir və orijinal dostluq” adlı video reportajı yayımlanıb.

Reportajda Azərbaycan cəmiyyətində hökm sürən multikulturalizm və tolerantlıqdan, Azərbaycan xalqı və dövlətinin yəhudi icması və digər milli azlıqlara qarşı isti münasibəti və xüsusi qayğısından bəhs edilir.

“Biz Quba rayonunda 5000 dağ yəhudisinin məskunlaşdığı Qırmızı qəsəbəyə getdik. Gəlişimiz bu tanınmış qəsəbənin hörmətli insanının anım gününə təsadüf etdi və biz də digərləri kimi Qırmızı qəsəbənin məzarlığına yollandıq. Lakin məzarlıqda olduqca maraqlı bir faktla qarşılaşdıq və çətin ki, bu cür hadisəyə dünyanın hansısa başqa ölkəsində şahidlik edək. Məsələ ondadır ki, özlərinin yəhudi qardaşının xatirəsini yad etmək üçün yəhudi məzarlığına yəhudilərlə yanaşı, azərbaycanlılar da gəlmişdi və mərhuma dua edirdilər” - Elkayam qeyd edib.

Süjetin müəllifi vurğulayıb ki, 300 ildən çox tarixi olan Qırmızı qəsəbə Azərbaycanda və onun hüdudlarından kənarda dağ yəhudilərinin maddi-mənəvi dəyərləri və mədəniyyətinin qorunma və inkişaf mərkəzi kimi tanınır. Azərbaycanda yəhudilər və müsəlmanlar iki qardaş kimi sülh içində birgə yaşayırlar və ortaq tarix və tale ilə bir-birilərinə əbədi bağlıdırlar: “Azərbaycanda yəhudilər və müsəlmanlar arasındakı harmoniya İsraildə görməyə alışdığımız mənzərədən tamamilə fərqlənir.”

Elkayam Qubaya səyahəti çərçivəsində Ərdəbil məscidinin imamı, axund Hacı Naiblə söhbətindən də danışıb. “Tarixən Azərbaycan xalqına xas olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyi, dili və dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinin ayrılmaz xüsusiyyətinə çevrilib” – deyə, axundun fikirlərinə yer verilib.

Elkayama müsahibə aldığı Azərbaycan-İsrail münasibətləri üzrə tanınmış ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut isə bildirib ki, artıq 2600 ildir ki, yəhudilər Azərbaycanda yaşayırlar: “Azərbaycan ərazisində yəhudilər heç vaxt antisemitizm və nifrətin nə olduğunu bilməyiblər. Yəhudilər Azərbaycanda özlərini heç zaman yad kimi hiss etməyiblər. Qürurla deyə bilərik ki, Avropanın bir çox ölkə və xalqlarından fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə xəyanət etməyiblər, yəhudilər də azərbaycanlılara. Dost dar vaxtı tanınar. İkinci dünya müharibəsində faşizmdən xilas olan yəhudilər üçün Azərbaycan ikinci vətənə çevrilib. Holokostun ən dəhşətli illərində azərbaycanlılar təqib olunan və hər yerdən qovulan yəhudilərə qucaq açdılar. Xalqlarımız arasındakı bu dostluq və qardaş münasibətləri bu gün ölkələrimiz arasında da mövcuddur. Çoxlarının da təsdiqlədiyi kimi, Azərbaycan qafqazın İtaliyasıdır.”

Elkayam süjetində 200 yəhudi uşağını faşist zülmündən xilas edən azərbaycanlı qəhrəman, kəşfiyyatçı Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovla görüşündən də danışıb. Bildirib ki, artıq 20 ildən çoxdur ki, Firdovsi Sadıqov atasının qəhrəmanlığının tanınması üçün lazımi materialları toplayır.

“KAN” telekanalına müsahibəsində Azərbaycandakı dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev isə vurğulayıb ki, Azərbaycandakı yəhudilər doğulduqları andan iki dildə - Azərbaycan və yəhudi dilində dilində danışmağa başlayırlar. Və 2600 ildən çoxdur ki Azərbaycanda yaşamalarına baxmayaraq, yəhudilər öz milli-mənəvi dəyərlərini, xüsusən də, dillərini itirməyiblər. çünki Azərbaycanda onların bu dəyərlərinin qorunub saxlanması üçün münasib və çox gözəl şərait yaradılıb: “Harada yaşamağımızdan asılı olmayaraq, bizim üçün İsrail həmişə ata Vətən, Azərbaycan isə ana Vətənimizdir.”

Süjetdə jurnalist xüsusilə vurğulayır ki, Azərbaycandakı yəhudi icmasının nümayəndələrilə keçirdiyi, demək olar ki, bütün görüşlərdə onlar yəhudilər üçün yaradılan gözəl şəraitə görə Azərbaycan rəhbərliyinə, xüsusən də, prezident İlham Əliyevə səmimi hörmət bəsləyiblər. “Azərbaycan dövlətinin başçısı ölkədəki milli azlıqların, o cümlədən də, yəhudilərin adət-ənənələri və yaşam tərzlərinə isti və qayğıkeş münasibət göstərir. Dünyanın heç bir yerində bu cür münasibətə rast gələ bilmərsiniz. Azərbaycan prezidentinin himayəsi altında ölkədə 2 sinaqoq və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzi tikilib. Cənubi Qafqazda, o cümlədən də, Azərbaycanda ilk olacaq yəhudi muzeyinin inşası da planlaşdırılır. Azərbaycandan başqa islam dünyasında İsrail dövləti ilə bu cür dərin, sıx və hərtərəfli əlaqələrə malik başqa ölkə yoxdur” - deyə, Azərbaycandakı yəhudi icmasının üzvləri bildiriblər.

Daha sonra isə israilli jurnalist Azərbaycanın turizm potensialından söz açır və vurğulayır ki, Dubaydan, Qətərdən və Səudiyyə Ərəbistanından gələn turistlər Azərbaycanı real olaraq özləri üçün kəşf ediblər: “Əgər Azərbaycan üçüncü minilliyin qədim ənənələr və zənginliklərindən ibarət rəngarəng yumaqdırsa, Bakı bu incə zövqlə işlənmiş rəngarəng yumağın ürəyidir. Biz yəhudi xalqına həmişə sevgi və hörmətlə yanaşan bu möhtəşəm ölkəni – Azərbyacanı sevirik. Azərbaycan özünün görməli yerləri və tarixi abidələrinə sərgilədiyi münasibət, mədəni inkişafına görə dünyanın bir çox dövlətlərini geridə qoyur.

Sonda Elkayam üzünü israillilərə tutaraq onları Azərbaycandakı tolerantlıq və mədəni inkişafı, səfalı yerləri və dediyi bütün reallıqları öz gözlərilə görməyə dəvət edir: “Gəlin və bu böyük, möhtəşəm ölkədən zövq alın!”



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   İsrail   QırmızıQəsəbə   Bakı  





Xəbər lenti