ABŞ Səudiyyəni nüvə ölkəsinə çevirir

ABŞ Səudiyyəni nüvə ölkəsinə çevirir
  27 Sentyabr 2018    Oxunub:3623
ABŞ və Səudiyyə Ərəbistanı nüvə enerjisi reaktorlarının tikintisi barədə razılığa yaxındırlar, lakin nüvə silahlarının yayılmamasının ciddi standartları Səudiyyə Krallığı ilə aparılan danışıqlara problem yaradır.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Rik Perri bəyan edib. O, bildirib ki, Krallığın 2 atom elektrik stansiyası (AES) tikmək istəyinə dair bu il ərzində Səudiyyə kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparıb.

Danışıqlarda Səudiyyənin nüvə silahlarının yayılmaması standartlarını azaltmaq, onun uranı zənginləşdirmək və plutoniumu yenidən işləməyə imkan verilməsi ilə bağlı istəyi də müzakirə olunub.

Lakin nüvə silahının yayılmamasının tərəfdarları ehtiyat edirlər ki, Səudiyyə bu texnologiyaları əldə edərək sonradan onları gizli şəkildə dəyişdirməklə nüvə silahının yaradılması üçün lazım olan parçalayıcı materialın istehsalı üçün istifadə edə bilər.

Perrinin sözlərinə görə, nüvə yayılmaması standartları ilə bağlı müəyyən irəliləyiş əldə olunsa da, danışıqlar hələ də davam etdirilir. Amerikalı nazir ümid edib ki, Səudiyyə nüvə enerjisi texnologiyalarının hamısını ABŞ şirkətlərindən alacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yaxın 10 il ərzində ümumi dəyəri 80 milyard dollar olan 16 nüvə reaktoru tikmək istəyir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Səudiyyə   AES   ABŞ   Nüvə  





Xəbər lenti