Kral efirdə ABŞ-ı sərt tənqid etdi

Kral efirdə ABŞ-ı sərt tənqid etdi
  27 Sentyabr 2018    Oxunub:2183
İordaniya kralı II Abdulla ABŞ-ın İsrail-Fələstin münaqişəsilə bağlı birtərəfli mövqe tutaraq yalnız İsraillə dialoq aparmasını və fələstinlilərlə etibarlı münasibətlər qurmamasını sərt şəkildə tənqid edib.
AzVision.az xəbər verir ki, İordaniya kralı “Fox News”a verdiyi müsahibədə bu cür tənqidi fikirlər səsləndirib. Onun sözlərinə görə, ABŞ lap əvvəldən İsraillə Fələstin arasında ədalətli və balanslaşdırılmış razılaşma əldə edilməsinin tərəfdarı olduğunu göstərib.

“Amma indi İordaniya ABŞ-ın planının nədən ibarət olduğunu anlaya bilmir. Və bu anlaşılmazlıq və Vaşinqtonun məlum davranışları İsrail-Fələstin münaqişəsinin nizamlanmasında çıxılmaz vəziyyət yaradır. Məni daha çox “iki dövlət” konsepsiyasından “bir dövlət” prinsipinə keçilmə ehtimalı narahat edir. Bu, bütün region, o cümlədən, İsrail üçün də fəlakət olardı. Biz fələstinlilərlə ABŞ arasında etimad körpüsünü necə quraq? İndiki məqamda amerikalılar yalnız bir tərəflə danışıqlar aparır və digəri ilə söhbət etmir. Bu, bizim düşdüyümüz çıxılmaz vəziyyətdir”, – deyə II Abdulla vurğulayıb.

Qedək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasında “iki dövlət” prinsipi üzrə razılaşma əldə olunacağına ümid etdiyini bildirmişdi. Lakin Nyu-Yorkdakı mətbuat konfransında bəyan etmişdi ki, münaqişənin həlli üçün “iki dövlət” prinsipi heç də mütləq deyil və əgər tərəflər razı olarsa, ABŞ “bir dövlət” prinsipi üzrə də razılaşmanı qəbul etməyə hazırdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İordaniya   ABŞ   İsrail   Fələstin  





Xəbər lenti