ABŞ Yaxın Şərqdən çəkilir? – “Patriot”lar Körfəzdən çıxarılır

ABŞ Yaxın Şərqdən çəkilir? – “Patriot”lar Körfəzdən çıxarılır
  26 Sentyabr 2018    Oxunub:2453
ABŞ Yaxın Şərqdəki bir neçə raketdən müdafiə sistemini (RMS) geri çəkəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Pentaqondakı etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Pentaqon rəhbəri Ceyms Mettis gələn ay Yaxın Şərqdəki 4 ədəd “Patriot” raketdən müdafiə sisteminin çıxarılmasına dair göstəriş verərək, Körfəzdəki müttəfiqlərini İran təhlükəsinə qarşı müdafiəsiz qoyacaq. Bu isə, İranla bağlı Vaşinqtonun hər gün səsləndirdiyi ritorikaya ziddir.

“Wall Street Journal” yazır ki, 4 “Patriot”dan 2-si Küveytdən, digərləri isə İordaniya və Bəhreyndən çıxarılacaq. Onların hər biri ABŞ-a geri götürüləcək və daha sonra hara yerləşdiriləcəyi bilinmir.

Mənbələrin sözlərinə görə, Pentaqonun indiyədək müşahidə olunmayan bu addımı ABŞ-ın diqqətini Yaxın Şərqdə və Əfqanıstanda davam edən uzunmüddətli münaqişələrdən yeni - Rusiya və Çindən gələcək təhdidlərə yönəltməyə hazırlaşdığını göstərir.

Qeyd edək ki, müasir radar sistemi ilə təchiz edilən “Patriot” raketdən müdafiə sistemləri havada istənilən raketi tutmağa və düşmənin hərbi uçuş obyektlərini, o cümlədən təyyarələrini məhv etməyə qadirdir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: YaxınŞərq   İran   ABŞ  





Xəbər lenti