Ankara işə başladı: Terrorçular İdlibdən çıxarılır

Ankara işə başladı: Terrorçular İdlibdən çıxarılır
  26 Sentyabr 2018    Oxunub:2724
Suriyanın şimal-qərbindəki İdlib bölgəsində yaradılacaq yeni təhlükəsizlik zonası çərçivəsində silahlı radikalların bu ərazidən çıxarılması prosesinə artıq start verilib.
AzVision.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkdakı iclaslara qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə eksklüziv müsahibəsində bildirib.

“Suriyanın bu bölgəsi silahlardan təmizlənəcək. İdlib sakinlərinin istəyi də budur və onlar bu addımı müsbət qarşılayırlar. İdlibdə yaradılacaq təhlükəsizlik zonasına Türkiyə və Rusiya Silahlı Qüvvələri birgə nəzarət edəcəklər. Silahlı radikalların bu ərazidən çıxarılması prosesinə artıq start verilib”, – deyə Ərdoğan bildirib. Lakin konkret hansı terror qruplaşmasından söhbət getdiyinə aydınlıq gətirməyib.

Türkiyə prezidenti vurğulayıb ki, Bəşər Əsəd hakimiyyətdə olarkən Suriyada sülh yolu ilə nizamlanma cəhdlərini davam etdirmək qeyri-mümkündür.

Qeyd edək ki, 17 sentyabrda Ərdoğanla Putin arasındakı Soçi sazişinə əsasən oktyabrın 15-dən etibarən Suriyanın İdlib bölgəsində silahlı müxalifətlə Bəşər Əsəd qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enliyində təhlükəsizlik zonası yaradılacaq. Oktyabrın 10-dək isə terrorçular, silahlı müxalifət və hökumət qüvvələri, həmçinin, ağır hərbi texnika və silahlar həmin zonadan çıxarılacaq.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Türkiyə   Suriya   Rusiya   İdlib   BMT  





Xəbər lenti