Tanınmışlar “Orxan Zeynalovun işi” haqqında – SORĞU

  24 Oktyabr 2013    Oxunub : 910
Tanınmışlar “Orxan Zeynalovun işi” haqqında – SORĞU
Son günlər Rusiyada baş verən hadisələrdən hamımız xəbərdarıq. Bu hadisələr oradakı həmyerlilərimizi narahat etdiyi qədər, vətəndaşlarımızın da ciddi şəkildə narazılığına səbəb oldu. Azərbaycanlı Orxan Zeynalovun ittiham edildiyi qətl hadisəsindən sonra Rusiyada iğtişaşlar səngimək bilmir. Əsas hədəf kimi də ordakı azərbaycanlılar olduğu deyilir.

Artıq azərbaycanlıların işlədiyi bir bazar bağlanıb, bunun davamlı olacağı gözlənilir. Baş verənlə bağlı informasiyalarsa əsasən Rusiya mətbuatı tərəfindən yayımlanır ki, bu da birtərəfliyi ilə seçilir. Biz isə öz növbəmizdə bu hadisələrlə bağlı yerli jurnalistlər və tanınmış simalarımız arasında sorğu keçirdik.

Fərda Xudaverdiyev: (aktyor)

- Bu, tam siyasi məsələdir. Siyasi məsələlər isə mənlik deyil.

Tahir Əmiraslanov (Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti):

- Bu, sadəcə ölkəmizə qarşı olan siyasi-iqtisadi təzyiqdır.

Qurban Məsimov (aktyor) :

- Təbii ki qəbuledilməz haldır. Baş vermiş hadisəyə sadəcə siyasi absurd deyərdim.

Telli Pənahqızı: (jurnalist)

- Burada sırf biznes maraqları var və bundan da Rusayanın başıpozuq, avantürist qüvvəlləri və millətçiləri bəhrələnməyə çalışdılar.

Aytən Səfərova: (telejurnalist)

- Əslində bizim bəzi vətəndaşlar orada öz davranışlarına fikir vermirlər. Yayda Moskva bazarlarından birində həmyerli "kişilər"imizin özlərini necə apardığını şahidi oldum. Bəzi ruslar buna dözürsə, səbrləri böyükdür. Söhbət əlbəttə hamıdan getmir. Rusiyaya çörək dalınca gedə və abrını saxlayan o qədər soydaşlarımız var. Təəssüf ki, mədəniyyət və ailə tərbiyəsi görməyənlər onlarla müqayisədə, zənnimcə, daha çoxdur. Gunahsızlıq prezumpsiyası var. Heç kim Orxan Zeynalovu cinayətkar adlandıra bilməz, ta məhkəmənin müvafiq qərarına qədər. Orxana qarşı davranış və RF daxili işlər nazirinin onu otağına sanki Üsamə Ben Ladeni gətirməsi "teatr"ı məni məyus etdi. İnanmıram ki, Azerbaycanımızın daxili işlər naziri belə edə kiməsə qarşı. Orxana da, ailəsinə də sebr diləyirəm. Zənnimcə o, özünümüdafiə səbəbindən bunu edib. Rusiyanin aqressivliyi isə yenilik deyil. Tarix boyu belə olub və burada mən təəccüblü heç nə görmürəm. Oranı mən arı yuvasına bənzədirəm. Sadəcə, gözəgörünməz kimlərsə ora daim çöp soxur. Arılar da bizi sancır.

İlkin Əhmədov (jurnalist):

- Hər şeyin başında siyasət durur. Rusiyanın Qafqazlıları gözdən salmaq cəhdidir. Orxan Zeynalovun günahsız olduğu belə sübut olunsa, artıq qafqazlılara qarşı aqressiya qalacaq və bunu heç nə dəyişə bilməz. Ümumilikdə bütün prosess Kremldən idarə olunur. "Gömrük İttifaqına" qoşulmaq üçün bizə təzyiqdir. Volqoqraddakı partlayış belə Kremlin işi ola bilər. Çünki artıq sübut olundu ki, kamikadze xanımın pasportu ora "kənar əl" vasitəsi ilə atılıb.


Elnarə Təhməzova (aparıcı):

- Özümü dərk edəndən, ağlım kəsəndən Rusiyada yaşayan həmvətənlərimiz üçün hər zaman narahtlıq hissi keçirmişəm. Allah Orxana və onun yaxınlarına səbr versin. Dünyanın hansı nöqtəsində Azərbaycanlı varsa Allah qorusun xüsusilə Rusiyada olanları!

Şərif Ağayar: (yazıçı)

- Mürəkkəb məsələdir. Birmənalı cavab verməkdə çətinlik çəkirəm. Onu bilirəm ki, Rusiyadan bizə heç vaxt xeyir gəlməz. Bütün ciddi bəlalarımızın beşiyi bu ölkədir Rus qzılarına və ordan qazndığımız beş-üç manata aldanmamalıyıq. Ağıllı, təmkinli və tədbirli olmalıyıq.

Vüsalə Məmmədova: (jurnalist)

- Təəccüblənmədim, təəccüblənənləri də anlamadım. Mən son 25 ildə baş verənləri tarix kitabından oxumamışam ki, nəyəsə şübhə edim, yanlışlıq olsun. O illəri yaşayan bir vətəndaş kimi 20 yanvar hadisələrini də bu gün kimi xatırlayıram. Qarabağ hadisələrini də bütün çıxışlara qədər bir-bir xatırlayıram. Şuşanın işğal olunması xəbərini rus kanallarının aparıcıları sanki zəfər necə oxudu, yadımdadı- elə bil zəfər xəbəri idi. Yəni biz o vaxtkı azərbaycanlılar olmaya bilərik, amma onlar elə o vaxtkı ruslardılar. Bir sözlə təəccüblənmədim.

Cavid Osmanov: (radio aparıcısı, jurnalist)

- Maksimum olaraq sadə deyəcəm. Atalar sözü var ki,ayının min oyunu var, hamısı bir armudun başında. Rusiya bu metodla bizim dövləti Gömrük İttifaqına qoşulmağa təhrik edir. Hər şey bu qədər asandır.

Aida Eyvazova: (jurnalist)

- Belə düşünürəm ki, Orxan Zeynalovun həbsi Rusiya Daxili İşlər orqanlarının tələsik atdıqları addımın hesablanmamış nəticəsidir. Daxili İşlər nazirinin səhv göstərişlərinin yaratdığı şoudur. Yəni cinayətin açılma prosesini səhv başladılar, indi isə bu cidanı çuvalda gizlətmək üçün hər cür oyuna gedirlər. Dünyanın heç bir yerində həbs olunmuş şəxsə, vəkilsinz ittiham elan etmirlər, və ya şübhəli qismində saxlamırlar. Bizim diplomatlar və hətta vəkili də Orxanla həbsindən az qala 10 gün keçəndən sonra görüşür. Hətta o, cinayəti törədibsə də, ona qarşı belə zorakılıq olmamalıydı. Burada Azərbaycanın Gömrük İttifaqına girməsi üçün həmlələr haqqında fikirləşmək daha yerinə düşər. Çünki, miqrantların kütləvi şəkildə ölkədən xaric edilməsi üçün, Orxan Zeynalovun həbsinə olan reaksiya əslində çoxdan hazırlanmış, və həmin gün məqamı çatan bir oyundur. Məişət zəminində olan hadisədən belə şou və səs küy yaradılmır. Rusiyanın siyasi dairələri belə düşünür ki, miqrantlar qayıdıb Azərbaycana gələrlərsə, baş verən kütləvi axının qarşısını saxlamaq üçün bəlkə də Azərbaycan Gömrük İttifaqına daxil olmaq haqqında qərar verər.

Kənan Hacı: (yazıçı)

- Bilirsiniz, bir nəfərin qeyri-korrekt hərəkəti ilə Rusiya xalqına qiymət vermək olmaz. Rusiyada bu tipli hallar həmişə olub. Biz bu məsələyə emosional yox, soyuqqanlı yanaşmalıyıq. Millətçi mövqe həmişə bizim ziyanımıza işləyir. Mən deyə bilmərəm ki, Orxan Zeynalovla bağlı hadisənin süni surətdə şişirdilməsi kimlərin marağına xidmət edir. Amma bütün hallarda hələ cinayət törətməsi şübhə altında olan bir şəxsə, xüsusən də xarici vətəndaşa qarşı bu cür vəhşi münasibət qəbulolunmazdır. Amma rus polisinin bu hərəkətindən çıxış edərək rus xalqı haqqında mənfi fikir formalaşdırmaq düzgün deyil. Biz hər hansı bir bəyanat verəndə, qıcıq doğuran fikir yürüdəndə orda yaşayan minlərlə həmvətənimizi düşünməliyik. Xalqlar arasında nifaq yaratmaq mənasız bir işdir və bu, ancaq bizim zərərimizə işləyə bilər.

Hazırladı: Səbinə Məmmədova
AzVision.az üçün



Teqlər: